Həbsdə ölən sabiq deputatın xanımı işin istintaqa qaytarılmasını, qaynının həbsini tələb edir

Rafael Cəbrayılov

© APA | Rafael Cəbrayılov

# 02 dekabr 2021 16:35 (UTC +04:00)

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılovun həyat yoldaşı, mərhumun hüquqi varisi elan olunmuş Aida Cəbrayılova ifadəsini davam etdirib. Hüquqi varis bildirib ki, həyat yoldaşı dələduz və yalançı biri olsaydı, üç dəfə Milli Məclisə deputat seçilə bilməzdi. O, Rafael Cəbrayılovun dələduzluq etmədiyini deyib: "2015-2016-cı illərdə ölkədə devalivasiya oldu, buna görə də Rafael Cəbrayılov faizə pul götürməyə məcbur oldu. Bu işdə onun qardaşı Elşən də günahkardır, o niyə azadlıqda qalıb? Rafael məhkəmə zamanı bildirmişdi ki, onun maliyyə problemləri yaşamasında qardaşı günahlardır. Buna baxmayaraq Elşənin cinayətləri ört-basdır edilib. Elşən Cəbrayılov müəssisənin təsisçisi və direktoru olduğu dövrdə öz qardaşının gizli pul və əmlaklarını mənimsəyib. Özü isə hazırda Türkiyədə, Macarıstanda tikinti biznesi ilə məşğuldur".

Prosesdə hüquqi varis Rafael Cəbrayılovun cinayət işinin istintaqa qaytarılmasını və qardaşının da istintaqa cəlb olunmasını barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov bildirib ki, qaldırılan vəsatətin təmin edilməməsi və cinayət işinə xitam verilməsi Rafael Cəbrayılovun qardaşı üçün bayram olar: "Cinayətin mənimsəmə hissəsində Rafael Cəbrayılov ilə birgə onun qardaşı və bir nəfər sabiq prokurorluq işçisi də günahkardır. Hər üçü birləşib ediblər bunu. Hesab edirəm ki, vəsatət tam əsaslıdır və təmin olunmalıdır. Bundan başqa, Rafael Cəbrayılovun qardaşı və digər şəxs istintaqa cəlb olunmalıdır".

Vəsatətə münasibət bildirən digər vəkil də cinayət işinin istintaqa qaytarılmasını tələb edərək bildirib ki, Rafael Cəbrayılov sağ olarkən 18 vərəqlik vəsatət qaldırsa da, ona baxılmayıb: "Həmçinin zərərçəkmiş şəxslər pulu Rafaelə yox, bunları edən MTK-nın direktoruna verib".

Rafael Cəbrayılovun vəkili Tərlan Azayev isə vəsatətə münasibət bildirən zaman prosesdə gərgin anlar yaşanıb. Tərlan Azayev danışanda hüquqi varis sözünü kəsərək onun iki tərəfə işlədiyini deyib. Qaldırılan vəsatət vəkil Tərlan Azayev tərəfindən də müdafiə olunub.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Sülhiyyə Məmmədova da vəsatətlə razılaşaraq cinayət işinin istintaqa qaytarılmasını istəyib: "Mən istintaq zamanı dəfələrlə Elşən Cəbrayılovun adını çəksəm də, onu məsuliyyətə cəlb etməyiblər. Mən 192 min 500 manatı verəndə Rafael Cəbrayılovla yanaşı onun qardaşı Elşən Cəbrayılov, yeznəsi Rasim Qocayev və Mirəhməd Abbasov bir yerdə idilər. Verdiyim puldan heç nə geri qaytarılmayıb. Həmin pula mənə qeyri-yaşayış sahəsi verilməli idi. Pulu verəndən sonra mən həmişə Mirəhməd Abbasov ilə danışmışam. 2016-cı ildə məlum oldu ki, mənə satılmalı olan 250 kvadratmetr qeyri-yaşayış sahəsini Mirəhmədin bacısı Səkinə satışa qoyub. Mənimlə müqaviləni isə Elşən Cəbrayılov bağlayıb, orderi də o verib. Xahiş edirəm vəsatət təmin edilsin və Elşən Cəbrayılov də istintaqa cəlb olunsun".

Məhkəmə müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.

Proses dekabrın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Rafael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi keçirilib. R. Cəbrayılov bu il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

Bir qədər əvvəl isə dələduzluqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən və sonradan həbsdə koronavirusdan ölən Rafael Cəbrayılovun hüquqi varisi kimi həyat yoldaşı tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR