"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin vəsatətləri təmin edilməyib

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin vəsatətləri təmin edilməyib
# 24 may 2021 16:14 (UTC +04:00)

Bakı Ağrı Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

APA xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Vəkilləri İlqar İsmayılovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və onun həbsdən azad edilməsi barədə vəsatət verib.

Digər vəsatət məhkəmə iclaslarının audioyazı ilə aparılması və audioyazıların məhkəmə protokoluna əlavə edilməsi barədə olub.

Vəkil İlhamə Həsənova bildirib ki, İ.İsmayılov 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən cəmi 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir:

“Lakin o, həmin dövrdə şirkətin xəzinəsinə təqribən 10 milyon manata yaxın vəsait mədaxil edib. İstintaq yalnız qarşı tərəfin istintaqa təqdim etdiyi məxaric sənədlərinin kserosurətinə istinad etmiş, lakin tərəfimizdən təqdim edilən mədaxil sənədlərini nəzərə almamış və qiymətləndirməmişdir. Hətta fərz etsək ki, İlqar İsmayılov  şirkətin 680.000 manat vəsaiti mənimsəyib, onda onun şirkətə mədaxil etdiyi 10 milyona qədər vəsaitdən 680.000 manatı silinməli və qalan məbləğ ona qaytarılmalıdır".

Vəkil həmin mədaxil qəbzlərini sübutlar siyahısına daxil edilərək mühsibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verib.

Vəkillər İlqar İsmayılov barəsində 2017-ci ildə başlanmış və xitam verilmiş cinayət işi materiallarının alınması barədə də məhkəmədə vəsatət qaldırıblar.

Müşavirədən sonra hakim hazırlıq iclasının qərarını elan edib. Qərara əsasən, vəsatətlər təmin edilməyib.

Məhkəmə baxışı iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR