Jurnalistlər olan avtomobilin Kəlbəcərdə minaya düşməsi nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb - RƏSMİ - VİDEO - YENİLƏNİB

Məhərrəm İbrahimov, Sirac Abışov

© APA | Məhərrəm İbrahimov, Sirac Abışov

# 04 iyun 2021 13:29 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda deyilir: “Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR