On altı ölkədə keçirilən əməliyyat zamanı 800-dən çox cinayətkar saxlanılıb

"Avropol"un binası

© APA | "Avropol"un binası

# 08 iyun 2021 18:48 (UTC +04:00)

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI), ABŞ Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə Agentliyi (DEA), Avropa Polis Agentliyi ("Avropol"), İsveç və Niderlandın müvafiq təhlükəsizlik orqanlarının birgə həyata keçirdiyi “Troya Qalxanı” adlı əməliyyat çərçivəsində 16 ölkədə 800-dən çox cinayətkar saxlanılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə bu barədə “Avropol” direktorunun müavini Jan-Filip Lekuf Haaqada keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə 16 ölkədən olan hüquq-mühafizə orqanlarının birgə əməliyyatı çərçivəsində 700 evə basqın təşkil edilib, 800 cinayətkar həbs olunub.

Əməliyyat zamanı 8 ton kokain, 22 ton marixuana və marixuana qatranı, 2 ton sintetik həb, 250 odlu silah, 55 lüks avtomobil, 48 milyon dollar nağd pul və kriptovalyutalar ələ keçirilib.

Qeyd olunub ki, əməliyyat 2019-cu ildən etibarən Avstraliya Federal Polisi ilə yaxın əməkdaşlıq edən FBI strateji məqsədlərlə “ANOM” adlı şifrəli mesajlaşma tətbiqini istifadəyə verməsi nəticəsində mümkün olub.

Belə ki, 12 mindən çox şifrəli cihaza qədər böyüyən tətbiq kriminal aləmdə də aktiv istifadə olunub. Tətbiqdən istifadə etməklə göndərilən 27 milyondan çox mesajın deşifrə edilməsi nəticəsində 100 ölkədə fəaliyyət göstərən 300 kriminal qruplaşmanın, həmçinin italyan mafiyasının, cinayətkar motosikletli dəstələrin, beynəlxalq narkotacirlərin məlumatları əldə edilib.

Jan-Filip Lekuf qeyd edib ki, beynəlxalq koalisiyanın həyata keçirdiyi bu əməliyyat şifrələnmiş kriminal fəaliyyətlərə qarşı bu vaxta qədər olan ən böyük və ən mürəkkəb polis əməliyyatıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR