Özünü “Seyid Hüseyn” kimi təqdim edən şəxs Sumqayıt sakinlərini aldadaraq xeyli qızıllarını mənimsəyib - FOTO

Sonaxanım Həsənova

© APA | Sonaxanım Həsənova

# 16 sentyabr 2021 16:30 (UTC +04:00)

Sumqayıtda Həsənovlar ailəsi özünü “Seyid Hüseyn” kimi təqdim edən şəxs tərəfindən aldadılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə sentyabrın 14-də şəhərin “Xəzər bağları” yaşayış massivində baş verib. Belə ki, sözügedən yaşayış massivində qapıları gəzərək özünü “Seyid Hüseyn” kimi təqdim edən şəxs “Xəzər bağları” yaşayış massivi, ev 435 ünvanına gəlib. Həmin şəxs Həsənovlar ailəsinin etibarından sui-istifadə edərək onların 50 qrama yaxın qızılını və 100 manat pulunu mənimsəyib.

Ev sahibəsi Sonaxanım Həsənova APA-ya bildirib ki, gələn şəxsi əvvəl dilənçi zənn ediblər. Amma sonradan həmin şəxs evə daxil olaraq ev sahibəsinə mətbəxin qapısında bədniyyətli cadu olduğunu deyib. Həmin şəxs ev sahibəsindən mismarçıxaran və burğac alaraq mətbəxin qapısının çərçivəsini oyub, oradan kağıza bükülmüş sap parçası çıxarıb. Kağızda bəddua yazıldığını və sapların bir-birinə dolaşdığını deyərək bunun ailə üçün yaxşı əlamət olmadığına ev sahibəsini inandırıb.

O, Sonaxanım Həsənovadan 100 manat pul istəyib. Özündə pul olmadığından qonşuya keçən qadının Sonaxanım Həsənovanın evdə olmadığından istifadə edən şəxs evin gəlini Nuranə Həsənovaya qızıllarının üstündə nəfs olduğunu bildirib, qızılları gətirməyi tələb edərək nəfsi götürəcəyini bildirib.

“Seyid Hüseyn” ailədən 100 manatı və 50 qrama yaxın qızıl-zinət əşyalarını - 2 qızıl dəsti, 1 bilərzik, 2 üzük, 3 ədəd sırğanı götürərək ailədən götürdüyü dəsmala büküb və məsciddə bu dəsmalın üzərində namaz qılınmalı olduğunu deyib.

O, ev sahibəsi Sonaxanım Həsənovanı inandırmaq üçün onunla məscidə gedib. Müəyyən məsafə qət etdikdən sonra həmin dəsmalı götürüb və Sonaxanım Həsənovaya evə qayıtmalı olduğunu bildirib. Həmin şəxs məscidə gedib-qayıdacağı vədi ilə aradan çıxıb.

Həsənovlar ailəsi baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfinfən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR