Pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbir

© APA | Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair tədbir

# 16 sentyabr 2021 16:26 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin(FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayonu ərazisində fəaliyyət göstərən “Azərpambıq ASK" və "P-Aqro" Məhdud Məsuliyyətli cəmiyyətlərinin pambıq qəbulu məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirlərdə qeyd edilən müəssisələrin əməkdaşları iştirak ediblər.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı texnikalarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Tədbirlərdə, həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi də vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil edilməsinin zəruriliyi də nəzərə çatdırılıb.

Sonda müəssisə əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR