Polis Bakıda keçiriləcək beynəlxalq idman tədbirləri zamanı gücləndirilmiş rejimdə çalışacaq

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 26 may 2021 18:35 (UTC +04:00)

Bu ilin iyun-iyul aylarında Bakıda keçiriləcək beynəlxalq idman tədbirləri zamanı polis gücləndirilmiş iş rejimində xidmət aparacaq. APA-nın xəbərinə görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edək ki, bu gün DİN-də Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdırıb. Nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR