Prokuror Neftçalanın sabiq icra başçısına 11 il həbs cəzası istəyib - YENİLƏNİB

İsmayıl Vəliyev

© APA | İsmayıl Vəliyev

# 28 oktyabr 2021 15:53 (UTC +04:00)

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH başçısının sabiq birinci müavini Vurğun Əkbərov, RİH başçısının digər sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Daha sonar təqsirləndirilən şəxslər məhkəmədə son söz deyiblər.

Sabiq icra başçısı son sözündə məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edib.

Proses sabaha qədər təxirə salınıb.

***

14.00

Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev barəsində verilən ittihamın məhkəmə istintaqı ilə sübuta yetirildiyini əsas gətirərək onun 11il azadlıqdan məhrum edilməsini istəyib.

Bundan başqa, dövlət ittihamçısı cinayət işi üzrə digər təqsirləndirilənlər - RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərova 10 il, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyevə və rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimova 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərova və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidova isə 9 il həbs cəzası istəyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR