Prokurorluq Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumlara müraciət edib - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 27 sentyabr 2021 16:24 (UTC +04:00)

Azərbaycan Baş Prokurorluğu Ermənistan Respublikası tərəfindən mülki şəxslərə qarşı törədilmiş cinayət əməlləri ilə bağlı beynəlxalq qurum və təşkilatlara video müraciət edib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Dörd dildə (Azərbaycan, türk, rus, ingilis) hazırlanan video müraciətdə cinayət əməllərinə beynəlxalq səviyyədə qiymət verilərək bu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istənilir.

Videomüraciətdə ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun hərbi mövqelərini və yaşayış məntəqələrimizi bir neçə istiqamətdən ağır artilleriya silahlarından atəşə tutması qeyd olunub. Bildirilib ki, Azərbaycan Ordusu buna cavab olaraq, əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edilib.

Videomüraciətdə bildirilib ki, müharibə dövründə Ermənistan döyüş meydanındakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttində xeyli uzaqda yerləşən şəhər və kəndlərimizi müxtəlif silahlardan, o cümlədən ağır artilleriya və ballistik raketlərlə atəşə tutub. Nəticədə insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələri çoxlu sayda mülki insanı qətlə yetirib. Ermənistanın mülki əhalinin sıx yaşadığı şəhər və rayonları ballistik raketlərdən və ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 27-si qadın, 12-si uşaq olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki şəxs isə yaralanıb.

© APA | Prokurorluq Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq qurumlara müraciət edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR