Rüşvət alan sabiq TSEK sədri barədə cinayət işi məhkəməyə göndərilib

Rüşvət alan sabiq TSEK sədri barədə cinayət işi məhkəməyə göndərilib
# 15 iyun 2021 09:13 (UTC +04:00)

Rüşvət almaqda təqsirləndirilən 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədovun və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin baş mütəxəssisi Münəvvər Cabbarovanın barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.

17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR