Zərərçəkmiş: “Lüdvik Mktriçyan və Alyoşa Xosrovyanın iştirakı ilə Şuşa türməsində gözümü çıxardılar” - YENİLƏNİB-1

Mkrtiçyan Lüdvik, Xosrovyan Alyoşa

© APA | Mkrtiçyan Lüdvik, Xosrovyan Alyoşa

# 14 iyul 2021 13:03 (UTC +04:00)

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Zərərçəkmiş Babayev Kamil İdris oğlu üzləşmədə ibtidai istintaqa ifadəsini təsdiqləyib.

Daha sonra prokuror zərərçəkmişə suallar verib. Təqsirləndirilən şəxsləri necə tanıdığını soruşub.

Kamil Babayev deyib ki, Mkrtiçyan və Xosrovyanı şəkillərdən tanıyıb: "Şəkillərdən bildim ki, bunlar bizə işgəncə verənlərdir. Şəkillərə baxan kimi tanıdım".

Zərərçəkmiş şəxs Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanın ona amansız işgəncə verdiyini deyib: "Xosrovyan əvvəl saçlı idi, indi saçları tökülüb. Amma burnunun əyriliyi hələ də qalıb. Bizimlə Azərbaycan dilində sorğu-sual edirdi, amma döyəndə ermənicə söyürdü".

Zərərçəkmiş Rauf Qafarov isə bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi Şuşa türməsində ona amansız işgəncə verib.

Zərərçəkmişin suallarını cavablandıran təqsirləndirilən şəxs Lüdvik Mkrtiçyan bildirib ki, o 1993-cü ilin iyul avqust ayında Suqovuşanla Hadrutda olub və 1 ay müharibədə iştirak edib.

Zərərçəkmiş şəxs isə deyib ki, L. Mkrtiçyan 1992-ci ildən Şuşa həbsxanasında olub.

Digər zərərçəkmiş Famil Əliyev isə bildirib ki, ibtidai istintaqda onları adları ilə tanımayıb: "Mənə dedilər ki Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyanı tanıyırsanmı? Mən də dedim elə adamları tanımıram. Sonra şəkillər göstərdilər, "Lyoxa" və "Loşa"nı tanıdım. Dedilər ki, həmin şəxslər Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyandır. Mən isə onları "Lyoxa" və "Loşa" kimi tanıyırdım”.

Digər zərərçəkmiş Həbib Kazımov deyib ki, təqsirləndirilən şəxslər ona əsirlikdə işgəncə veriblər: "İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam".

Zərərçəkmiş Cavid Hüseyn qeyd edib ki, 28 il keçsə də, ona verilən işgəncələri unutmayıb: Hər gün gözümün qabağında canlanır. Bizə fotoları göstərəndə Mkrtiçyan Lüdvik olduğunu dedilər. Mən onun "Lyoxa" olduğunu dedim. Gözünün altında olan qara ləkədən tanıdım. Orada hərdən bunu "Lüdvik" deyə çağırırdılar. Biz istintaqa illər əvvəl haqlarında məlumatı vermişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın, başını aşağı salaraq tanıdığını etiraf etdi. Mən o vaxt bunlara demişdim ki, vaxt gələcək siz bizim qarşımızda cavab verəcəksiz".

Cavid Hüseyn bildirib ki, Şuşa türməsində Lüdvik Mktriçyanla Alyoşa Xosrovyanın iştirakı onun gözünü çıxarıblar: "1995-ci ildə ermənilərin Yohan adlı "milli qəhrəman"ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı ki, müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözümü çıxardılar. Dedilər, nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib".

Hakim məhkəmə istintaqın tamamlanması ilə bağlı tərəflərə təklif edib.

Prokuror gələn prosesdə bu məsələyə münasibət bildirəcəyini deyib.

Proses iyunun 28-də davam edəcək.

***

10.32

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

APA- məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdırılacağı gözlənilir.

***

07.11

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi bu gün davam etdiriləcək.

APA- məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqın başa çatdırılacağı, prokurorun çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR