10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatıb

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatıb
# 21 aprel 2021 17:42 (UTC +04:00)

Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR