Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıb - VİDEO

Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıb - <span class=VİDEO'>
# 21 aprel 2021 13:12 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 19-da gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar. Daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyini bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Elman Şahmuradov Sumqayıt şəhəri, Kənan İsmayılov isə Ceyranbatan qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, Kənan İsmayılov zərərçəkən qadının yaxın qohumudur və onun təklifindən sonra hər iki şəxs qeyd edilən hadisəni törədiblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR