Bakıda zibil qutusundan meyiti tapılan qadını qayınatası öldürüb - YENİLƏNİB - RƏSMİ

Bakıda zibil qutusundan meyiti tapılan qadını qayınatası öldürüb - YENİLƏNİB - RƏSMİ
# 28 yanvar 2021 11:20 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə cəsədin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

***

saat 11:01

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs tutulub.

APA-nın məlumatına görə, ötən gün Nəsimi rayon ərazisində meyiti zibil qutusunda tapılan şəxsin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, B. Məmmədova qayınatası İdris Məhərrəmov tərəfindən qətlə yetirilib.

İ. Məhərrəmov saxlanılaraq istintaqa cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Nəsimi rayon Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR