Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - FOTO - YENİLƏNİB-2

Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - FOTO - YENİLƏNİB-2
# 24 may 2020 17:28 (UTC +04:00)

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində ağır və orta ağır xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır.

Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2015-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

***

saat 15.17

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılacaq.

Qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Xəsarət alan iki uşağın isə vəziyyəti orta ağırdır.

***

saat 14.55

Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.

***

saat 13.51

Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil 7-si azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR