Tanışını taxta ilə döyərək öldürən şəxsin məhkəməsi başlayır

Tanışını taxta ilə döyərək öldürən şəxsin məhkəməsi başlayır
# 13 iyul 2020 09:46 (UTC +04:00)

Balakəndə adam öldürməkdə təqsirli bilinən Hacımurad Nəsibovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 23-də Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, rayon ərazisində fəhləlik edən Murtuzəli Nabatova məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, qətlə yetirilən Şəki rayonu Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədhəsən Rəhimovdur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Hacımurad Nəsibov Hənifə kəndindəki mənzilində Məmmədhəsən Rəhimovla spirtli içki qəbul edib.

Məmmədhəsən Rəhimov tanışının ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.

Hacımurad Nəsibov Məmmədhəsən Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən Hacımurad Nəsibovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR