Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 08 may 2021 15:13 (UTC +04:00)

Mayın 8-də Baş Prokurorluqda Azərbaycan dövlətinin qurucusu və memarı, qüdrətli Azərbaycan Ordusunun yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qarabağ zəfərinin əldə olunmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra dahi rəhbərin həyat və fəaliyyətini özündə əks etdirən fotoguşə nümayiş etdirilib.

Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açmış, əbədiyaşar liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş yüksək nailiyyətləri diqqətə çatdırıb.
Xüsusi qeyd edilib ki, Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda mühüm önəmə malik olub.

Azərbaycanın, xüsusən də Qarabağ bölgəsinin inkişafını daim diqqət mərkəzində saxlayan Ulu Öndərin həmin dövrdə və SSRİ kimi fövqəlgücə malik bir dövlətin rəhbərliyində çalışdığı dönəmdə erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinin qarşısının qətiyyətlə alınması qeyd edilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyevin İttifaqda günü-gündən artan nüfuzunu həzm edə bilməyən və onun fəaliyyətinə qısqanclıqla yanaşan ermənipərəst dairələrin təsiri altında olan Sovet rəhbərliyinin antimilli hərəkətlərinə etiraz olaraq Ulu Öndərin vəzifəsindən istefa verməsi regionda siyasi qüvvələr nisbətinin surətlə dəyişməsinə, xalqımızın ağır və məhrumiyyətli günlərlə, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üzbəüz qalmasına şərait yaratmış, son nəticədə erməni separatçıları tərəfindən əzəli torpaqlarımızın işğalına səbəb olub.

Bildirilib ki, 1993-cü ilin yayında xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas edib, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan dahi öndər böyük siyasi uzaqgörənliyi, nadir dövlətçilik zəkası ilə möhtəşəm Zəfərə aparan yolun təməlini qoymağa müvəffəq olub.

Dahi sərkərdə Heydər Əliyevin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan ordusunun o dövrdə erməni silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılması, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yorulmaz fəaliyyəti nəticəsində mötəbər beynəlxalq təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair qəbul etdikləri qərar və qətnamələri hərbi-siyasi qələbəmizi şərtləndirən ən vacib amillərdən olması xüsusi vurğulanıb.

Qeyd edilib ki, Heydər Əliyevin öz xalqına ən böyük xidməti ölkənin davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu özündən sonra yüksək peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirmiş, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Tədbirdə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov çıxış edərək Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ümummilli Lider Heydər Əliyevin ölkəmizi böhrandan tərəqqiyə aparan yolun təməlini qoymaqla ərazi bütövlüyünün bərpası istiqamətində döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafında misilsiz xidmətlərini qeyd edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən tədbirlərlə əbədi və əzəli torpaqlarımız düşmən tapdağından azad edilib.
Tədbirə yekun vuran Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasətin həyata keçirilməsinə istiqamətləndirəcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR