Almaniya və İtaliya sonuncu hərbçilərini də Əfqanıstandan çıxarıb

Almaniya və İtaliya sonuncu hərbçilərini də Əfqanıstandan çıxarıb
# 30 iyun 2021 18:02 (UTC +04:00)

Əfqanıstanda NATO tərkibində xidmət edən Almaniya və İtaliyanın sonuncu hərbçiləri də geri qayıdıb.

APA-nın AP-ya istinadən verdiyi xəbərə görə, alman hərbiçiləri daşıyan üç nəqliyyat təyyarəsi günortadan sonra Almaniyanın şimalındakı Vunstorf bazasına eniş edib.

İtaliyanın Piza şəhərindəki hərbi hava limanında müdafiə naziri Lorenzo Guerini Heratdakı bazadan geri dönən son birlikləri qarşılayıb. O, son 20 ildə Əfqanıstanda 53 italiyalı hərbçinin öldüyünü, 723 hərbçinin isə yaralandığını bildirib.

İtaliyalı nazir deyib ki, İtaliyanın Əfqanıstana olan sadiqliyi digər formalarda davam edəcək.

NATO aprel ayında ABŞ prezidenti Co Baydenin mayın 1-dən etibarən bütün Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına uyğun olaraq bu ölkədən təxminən 7000 qeyri-Amerika qüvvəsini geri çəkməyə razılaşıb. Bildirilib ki, iyulun 4-dək amerikalı hərbçilərin Əfqanıstandan geri çəkilməsi tamamlanacaq.

Qeyd edək ki, Rumıniya iyunun 26-da 140 hərbçisini Əfqanıstandan çıxarıb. İspaniya mayın 13-də, Belçika iyunun 14-də, Danimarka iyunun 22-də Əfqanıstanda olan son hərbçilərini çıxarıb. Norveç hərbçiləri iyunun 26-da, Estoniya iyunun 23-də, Niderland iyunun 24-də, Finlandiya iyunun 8-də, İsveç isə mayın 25 qoşunlarını bu ölkədən tamamilə geri çəkib.

İyunun 28-də Gürcüstanın Əfqanıstandakı son hərbçiləri geri qayıdıb. Polşanın müdafiə naziri isə bildirib ki, bu həftənin sonuna qədər bütün polşalı hərbçilər Əfqanıstandan geri dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR