Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli görüş olub - YENİLƏNİB

Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli görüş olub

© APA | Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında ikitərəfli görüş olub

# 05 oktyabr 2021 11:14 (UTC +04:00)

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin Müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.
General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.
Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub.

***

10.04

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və gürcüstanlı həmkarı Cuanşer Burculadze arasında ikitərəfli görüş olub.

APA-nın yerli bürosunun xəbərinə görə, görüş Gürcüstanın Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.

Görüş zamanı Gürcüstanın müdafiə naziri Cuanşer Burculade iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin gündən-günə inkişaf etdiyini və bundan məmnunluq duyduğunu qeyd edib. O vurğulayıb ki, müdafiə sahəsindəki əməkdaşlıq Azərbaycan və Gürcüstan xalqlarının özlərini təhlükəsizlikdə hissə etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Zakir Həsənov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev iki ölkə arasındakı çoxşaxəli əlaqələrin inkişafına böyük önəm verir. Nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında hərbi sahə ilə yanaşı, siyasi sahədə də sıx əməkdaşlıq davam edir.

O bildirib ki, bir müddət öncə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri siyasi əlaqələrin inkişafına yaxşı nümunə ola bilər və bu səfər zamanı iki ölkə arasındakı mühüm məsələlərə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR