Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək
# 16 sentyabr 2021 16:08 (UTC +04:00)

Beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiq ediləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Hökumət Minatəmizləmə Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq edəcək.

Nazirlər Kabineti elektron məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda, Nazirlər Kabineti Minatəmizləmə Agentliyi və Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsünü həyata keçirəcək, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görəcək, Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin edəcək.

Nazirlər Kabineti ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR