Azərbaycan Müdafiə Nazirliyi cəbhədə son vəziyyətlə bağlı açıqlama yayıb

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə son vəziyyətlə bağlı açıqlama yayıb
# 27 sentyabr 2020 10:46 (UTC +04:00)

“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub”.

APA-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var: “Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Cəbhənin ən gərgin - Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulub və döyüş fəaliyyətinin qarşısı alınıb. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz, raket-artilleriya qoşunlarımızın bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilərək məhv edir. Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib, ekipaj üzvləri xüsusi peşəkarlıqla helikopteri qoşunlarımızın nəzarət etdiyi əraziyə endirib. Canlı itki yoxdur. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”.

A. Eyvazov nəzərə çatdırıb ki, Müdafiə Nazirliyi əhali arasında narahatlıq və süni ajiotaj yaratmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər KİV nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır: “Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə mütəmadi məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR