Erməni kəşfiyyat-diversiya qrupunun digər üzvləri barəsində qiyabi həbs çıxarılaraq İnterpola müraciət edilib

Erməni kəşfiyyat-diversiya qrupunun digər üzvləri barəsində qiyabi həbs çıxarılaraq İnterpola müraciət edilib
# 03 oktyabr 2020 16:07 (UTC +04:00)

“Erməni kəşfiyyat-diversiya qrupunun rəhbəri barəsində cinayət işinin istintaqı davam edir. O, iki nəfərlə birlikdə Azərbaycan ərazisinə daxil olaraq strateji baxımdan lazım olan yerləri öyrənib geri qayıtmaq istəyib”.

APA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, qrupun rəhbəri Qurqen Alaverdyan daha iki erməni hərbçi ilə birlikdə olub: “Bizə məlum olub ki, onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yerləşən erməni hərbi hissəsində xidmət ediblər. Qurqen Alaverdyan Armen Camalyan və Qrena Akopyanla birlikdə hərbi hissənin komandiri Vazgen Vartanyan tərəfindən Kəlbəcər rayonundan Azərbaycanın digər rayonları və Goranboy rayonu istiqamətində göndəriliblər. Əsas məqsəd Azərbaycan Respublikasının strateji obyektlərini, əhalinin sıx yerləşdiyi məntəqələri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri, məntəqələri, postları öyrənmək, son nəticədə Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan vətəndaşlarına, mülki əhaliyə qarşı diversiya, təxribat törətməkdən ibarət olub. Beləliklə, istintaqın nəticəsi olaraq, Alaverdyan artıq həbsdədir. Vazgen Vartanyan və Armen Camalyan barəsində isə həbs qərarı çıxarılıb və icra olunması üçün İnterpola göndərilib. Dördüncü şəxs - Qrena Akopyanın ad və soyadı bizdə var, amma şəxsiyyəti barədə digər məlumatlar bizdə dəqiq olmadığı üçün onun axtarışa verilməsi hələlik mümkün olmayıb. Bu istiqamətdə biz işləyirik”.

Baş prokuror qeyd edib ki, bu işlə bağlı Alaverdyan və digər axtarışa verilmiş hərbçilərin Dağlıq Qarabağ sakinləri deyil, Ermənistan vətəndaşlarıdırlar: “Bizdə dəqiq məlumatlar, onların anket məlumatları bizdə var. Onlar Ermənistanın Martuni rayonundan olan şəxslərdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində Ermənistan tərəfinin iddia etdiyi kimi, Qarabağın nümayəndələri deyil, birbaşa Ermənistan silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR