ANAMA: 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib

ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

© APA | ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov

# 06 may 2021 10:55 (UTC +04:00)

"44 günlük müharibə zamanı yerli sakinlər tərəfindən daxil olmuş çağırışlar əsasında, həmçinin işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması məqsədilə minatəmizləmə əməliyyatlarına start verilib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, bu zaman yerli sakin tərəfindən daxil olan 3000-ə yaxın çağırış nəticəsində 1000-dən yuxarı PHS aşkar edilib. "10 noyabrdan sonra işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına start verilib. Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin təmizlənməsi həyata keçirilir. Bu günə kimi aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və PHS-dən tam təmizlənib. Əməliyyatlar zamanı 18 648 mina və PHS tapılıb və zərərsizləşdirilib. İ. İsmayılov qeyd edib ki, bugünədək 16 layihə üzrə minatəmizləmə əməliyyatları tamamlanıb: "10 km uzunluğunda Suqovuşan avtomobil yolu, həmçinin elektrik xətləri üzrə Füzulidən Hadrut istiqamətində 37 kilovoltluq elektrik xətti, Fuzuli-Şusa 110 kilovoltluq elektrik xəttinin keçdiyi ərazilər tam olaraq təmizlənib. Hazırda 19 layihə üzrə əməliyyatlar davam etdirilir. Bura dəmiryolu və avtomobil yolları üzrə layihələr daxildir. Bərdə-Agdam dəmiryolu xətti, Fuzuli-Zəngilan xətlərinin təmizlənməsi həyata keçirilir. O cümlədən, Füzuli-Şusa avtomobil yolunun təmizlənməsi davam etdirilir. 2-3 gün ərzində Zəfər yolu tam olaraq təmizlənərək təhvil veriləcək". İdris İsmayılovun sözlərinə görə, digər istiqamətlərdə də tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR