Bakı aeroportunun sərnişin dövriyyəsi bu il 5%-dən çox artıb

Bakı aeroportunun sərnişin dövriyyəsi bu il 5%-dən çox artıb
# 11 sentyabr 2019 11:35 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 mln. nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportdan “APA-Economics”ə verilən məlumata görə, bunun 85%-i (3,21 mln. nəfər) paytaxt hava limanının – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 5,2% çoxdur.

Hesabat dövründə Naxçıvanın hava limanı 450 min nəfərə xidmət göstərib, 101 min sərnişinə xidmət göstərmiş Gəncə aeroportu isə üçüncü yerdədir.

Cari ilin səkkiz ayı ərzində “Azərbaycan Hava Yolları“ QSC (AZAL) 1,4 mln. sərnişinə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti olan “Buta Airways” isə 382 min sərnişinə xidmət göstərib.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 2,8 mln. nəfər təşkil edib. Populyar aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 329 min sərnişin), “FlyDubai” (BƏƏ, 178 min), “Aeroflot” (Rusiya, 134 min), “AirArabia” (BƏƏ, 117 min), UIA (Ukrayna, 83 min), “Qatar Airways” (Qətər, 74 min), “Lufthansa” (Almaniya, 46 min) və SCAT (Qazaxıstan, 40 min) daxil olublar.

Bu ilin avqust ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda aktiv sərnişin aviaşirkətlərinin sayı 33-dür. Ümumilikdə onlar 60-dan çox müxtəlif istiqamətlərə uçuşlar həyata keçirmişdirlər.

Qeyd edək ki, hazırda Bakının hava limanına altı xarici aşağıbüdcəli aviaşirkəti – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR