QHT-lərə Dövlət Dəstəyi Agentliyinin idarəetmə strukturları müəyyənləşib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin idarəetmə strukturları müəyyənləşib
# 19 aprel 2021 12:32 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq etdiyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nizamnaməsində əksini tapıb.

Qeyd olunub ki, Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarətdir. Şuranın 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən 4 (dörd) il müddətinə təyin edilir. Şuranın sədri və onun müavini Şuranın iclasında Şura üzvləri sırasından 2 (iki) il müddətinə seçilir.

Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı Şuranın sədrinə və sədrin müavininə rübdə bir dəfə Agentliyin İcraçı direktorunun aylıq əməkhaqqının 2 (iki) misli, Şura üzvlərinə isə 1 (bir) misli həcmində təmsilçilik xərcləri ödənilir. Təmsilçilik xərcləri dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.

Şura qərar qəbul etməkdə müstəqildir.

Şuranın vəzifələri aşağıdakılardır:

- təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

- Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;

- Agentliyin fəaliyyətinə nəzarət etmək;

- İcraçı direktoru və onun müavinini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Agentliyin əməyin ödənişi fondunu, strukturunu, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

- Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

- Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

- Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

- İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;

- bu Nizamnamənin 3.1.12-ci yarımbəndində nəzərdə tutulan qrant müsabiqələrinin nəticələrinə dair qərar qəbul etmək;

- Şura üzvlərinin, İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;

- Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

- Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

- Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək, fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

- Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək.

Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən müavinin) səsi həlledicidir.

Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.

Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

Şuranın katibi:

Şuranın iclaslarını təşkil edir;

- bu Nizamnamənin 4.9-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;

- Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;

- Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

Şuranın sədri:

- Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;

- öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini, Şura sədrinin müavini olmadıqda isə Şura üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.

Şuranın üzvləri:

- Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

-Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;

- Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

- Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;

- Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

İcraçı direktor Agentliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.

İcraçı direktorun vəzifələri aşağıdakılardır:

- Agentliyin fəaliyyətini təşkil etmək və onu təmsil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;

-Şuranın qərarlarını icra etmək;

- aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

- Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

- bu Nizamnamənin 3.1.19-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

- cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;

- bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

- Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;

- Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;

- özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

- müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;

-Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;

-bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;

- Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;

- Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;

- Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

-Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;

- Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;

- Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

İcraçı direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR