“Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib

#
# 18:17
3 sentyabr 2020

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ) tərəfindən “Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib.

“İçərişəhər” DTMQİ-dən APA-ya verilən məlumata görə, konfrans İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin  UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunub. 

Konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək olub. 

Konfransda Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, UNESCO Dünya İrs Mərkəzinin rəhbərliyi, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ICCROM), Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) və ona üzv olan şəhərlərin nümayəndələri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və digər dövlət orqanlarının rəsmiləri iştirak ediblər.  

İlk olaraq çıxış edən “İçərişəhər” DTMQ İdarə Heyətinin sədri Əsgər Ələkbərov İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən keçən 20 il ərzində Qoruq ərazisində mədəni irsin mühafizəsi, bərpa, restavrasiya və konservasiyası istiqamətində görülən işlər haqqında məlumat verib.

Sədr son illər (pandemiya dövrü daxil olmaqla) Bakı Xanlarının Evi Kompleksi, Yeraltı hamam, habelə, digər abidələrdə aparılan bərpa, konservasiya və restavrasiya işləri, İdarənın pandemiya dövründə virtual, onlayn fəaliyyəti haqqında, post-pandemiya dövrü üçün əsas inkişaf istiqamətləri, xüsusilə də rəqəmsal texnologiyalardan daha da geniş istifadəsindən bəhs edən məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra A.Kərimov ölkədə mədəni irsin və tarixi abidələrin mühafizəsi istiqamətində görülən işlər haqqında danışıb.

Konfransda həmçinin OWHC təşkilatının prezidenti və Krakov şəhərinin meri Jacek Majchrowskinin İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə video təbrik mesajı səsləndirilib.

Sonda müxtəlif məruzələrlə çıxışlar dinlənilib, təcrübə mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR