Londonda Aydan Salahovanın sərgisi açılıb - FOTO

#
# 13:14
30 aprel 2021

Londonun “Gazelli Art” qalereyasında azərbaycanlı rəssam Aydan Salahovanın “The Dust Became the Breath” (Toz Nəfəs Oldu) adlı incəsənət sərgisi açılıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, qalereyanın direktoru Mila Əsgərova Azərbaycandan olan sənətkarların əsərlərinin sərgiləndiyi beynəlxalq bir platformanın olmasının və regionun Britaniyada tanıdılmasının əhəmiyyətinə toxunub.

Kurator Fərəh Piriye sərginin adının Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərindən ilhamlandığını qeyd edib: “Əxlaqi və mənəvi rəhbərliyə yönəlmiş etik-fəlsəfi poemada tozlar keçmişimizin ruhlarına bənzədilir. Bu sərgi də bizim şəxsi və kollektiv təcrübələrimizə nəzər salır, indiki kimliyimizi araşdırmaq üçün tariximizin çətin tərəfləri ilə üzləşir”.

Britaniyada olan koronavirus məhdudiyyətləri səbəbindən rəssam sərgidə iştirak edə bilməsə də, Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, Britaniyada yaşayan azərbaycanlı və əcnəbi sənətsevərlər açılışda iştirak ediblər.

Qeyd edək ki, sərgi 29 aprel-6 iyun tarixləri arasında davam edəcək. 

Xatırladaq ki, Moskvada yaşayan rəssam 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalardan olan “Aydan” qalereyasını açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR