“Salnaməfilm”də "Milli Qəhrəmanlar" silsiləsindən filmlər çəkilir

“Salnaməfilm”də "Milli Qəhrəmanlar" silsiləsindən filmlər çəkilir
# 25 sentyabr 2020 14:15 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən filmlərin çəkilişləri davam edir.

"Salnaməfilm" studiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə müddətdir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə bu silsilədən sənədli filmlər istehsal olunur. Rejissor Kamran Qasımov 2016-cı ildə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında filmi yekunlaşdırmaq üzrədir. “Hər şey yaxşı olacaq” adlanan filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri qəhrəmanın doğulduğu Qusar rayonunda, hazırda ailəsinin yaşadığı Bakıda, habelə, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb. Oktyabrın əvvəlində film tam hazır şəkildə təhvil veriləcək.

Rejissor Elnaz Əbluc isə Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında filmin çəkilişlərinə başlayıb. Filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərindən müsahibələr alınacaq. Onun təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhərindəki 10 saylı məktəbdə, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çəkilişlərin aparılması nəzərdə tutulub. Filmin rejissoru və müəllifi Elnaz Əbluc, operatoru Soltan Abdullayev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Rejissor Yavər Rzayev Azərbaycanın Milli Qəhrəmanı Hikmət Muradov haqqında filmin hazırlıqlarına başlayıb. Filmin çəkilişlərinin Yevlaxda, onun təhsil aldığı 190 nömrəli məktəbdə, dəfn olunduğu Maştağa qəsəbəsində aparılması planlaşdırılır. Filmdə qəhrəmanın ailə üzvləri, xidmət yoldaşları da iştirak edəcəklər. Oktyabr ayının əvvəlindən çəkilişlərə start vermək nəzərdə tutulur. Filmin müəllifi və rejissoru Yavər Rzayev, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Rejissor Kəmalə Musazadə Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanov haqqında filmin çəkilişlərini aparır. Filmdə qəhrəmanın ailə üzvləri, döyüş və xidmət yoldaşları Rafiq Alıcanov haqqında xatirələrini bölüşürlər. Qəhrəmanın doğulduğu Qazaxda, şəhid olduğu Füzuli bölgəsində və Bakıda çəkilişlərin aparılması nəzərdə tutulur. Rafiq Alcanov haqqında filmin müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR