Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
# 05 noyabr 2021 20:04 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı baş tutub.

Tədbirdə Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova 44 günlük müharibə dövründə Milli Xalça Muzeyinin gördüyü işlərdən danışıb. O bildirib ki, həmin günlərdə muzey Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib:

"Azərbaycan Milli Xalça Muzeyi öz üzərinə düşən vəzifə borcunu hər zaman olduğu kimi 44 günlük müharibə dövründə də məsuliyyətlə və daha aktiv şəkildə yerinə yetirdi, informasiya cəbhəsində durmadan mübarizə apardı. Muzeyin sosial şəbəkələrdəki səhifələrində Qarabağın milli-mədəni irsi olan xalçaları ilə yanaşı, tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri barədə bütün dünyadan olan izləyicilərimiz üçün üç dildə – Azərbaycan, ingilis və rus dillərində 100-dən artıq paylaşımlar olundu.

Məhz həmin günlərdə muzeyimiz Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib etdi. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verildi. Şanlı ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyandı. Qələbədən sonra bu xəritə əsasında Qarabağın müxtəlif şəhər və rayonlarına aid xalçalardan fraqmentlərin, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışların, ornamentlərin yer aldığı “Zəfər” xalçası ilmələrə köçürüldü.

Onu da qeyd edim ki, “Zəfər” xalçasında əks etdirilən Qarabağ xalça fraqmentləri muzeyimizin kolleksiyasında qorunan eksponatlardan götürülüb."

Sonra "Zəfər" xalçasının dəzgahdan kəsim mərasimi keçirildi. Xalçanı ilk kəsən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov oldu.

Qeyd edək ki, "Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyinin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR