“Gözləri ilə danışan mələklər” sosial layihəsinin təqdimatı olub - FOTO

“Gözləri ilə danışan mələklər” sosial layihəsinin təqdimatı olub - FOTO
# 02 dekabr 2021 12:05 (UTC +04:00)

Bu gün “ARB Günəş” və “Oscar film”in istehsalı olan “Gözləri ilə danışan mələklər” adlı sosial layihənin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, layihənin rəhbəri Məhsim Məhsimov bildirib ki, həssas qrupdan olan uşaqlara xüsusi qayğı ölkəmizdə prioritet məsələlərdəndir.

Onun sözlərinə görə, sosial layihə fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirir: "Altı gün davam edən çəkilişlərin bir qismi sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbində aparılıb. “ARB Günəş” ölkənin ilk və yeganə uşaq televiziya kanalı olaraq, bu mövzunu daim diqqətdə saxlayır. Ekran işinin çəkilməsində məqsəd bu qəbildən olan uşaqların cəmiyyətdə özünə layiqli yer tutmasına, sağlam ruhda böyüməsinə, təlim və tərbiyəsinə, eləcə də, onların təhsilinə diqqəti yönəltməkdir."

Millət vəkili Sevil Mikayılova fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsində sosial layihələrin əhəmiyyətinin böyük olduğunu vurğulayıb: "Azərbaycan dövləti əlilliyi olan şəxslərin qayğısına qalır. Bildiyiniz kimi bizim qanunvericilikdə həmin şəxslərlə bağlı baza var və biz bu qanunverici bazanı bu gün də təkmilləşdiririk. Bununla bərabər belə sosial layihələrin həyata keçirilməsinə də ehtiyac var. Düşünürəm ki, belə sosial layihələr böyük əhəmiyyətlidir.
Onlar bizim gələcəyimizdir, bizim vətəndaşlarımızdır. Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün əlimizdən gələni etməliyik."

Sonra sosial klip nümayiş olunub.

Qeyd edək ki, “Gözləri ilə danışan mələklər” sosial layihəsinin rəhbəri və ssenari müəllifi Məhsim Məhsimov, baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, prodüseri Sadiq Şahbazovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR