“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan  illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub

“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan  illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub

© APA | “Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan  illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub

# 01 dekabr 2021 20:10 (UTC +04:00)

Bu gün Milli İncəsənət Muzeyində “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın tam kitab halında nəşr edildiyi nümunənin təqdimatına həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev bildirib ki, kitabın miniatür sənətində xüsusi yeri var.

Onun sözlərinə görə, kitab təkcə Azərbaycanın deyil, bütöv Yaxın və Orta Şərq miniatür gülüstanının ilk inciləri sırasındadır: "XIII yüzilin Azərbaycan rəssamı Əbdülmömin Məhəmməd əl-Xoyinin məşhur eşq dastanı – XI əsr şairi Əyyuqinin 1030-cu ildə farsca qələmə aldığı “Vərqa və Gülşa”ya çəkdiyi 71 miniatür yalnız Azərbaycanın deyil, bütöv Yaxın və Orta Şərq miniatür sənətində xüsusi yeri var. Təəssüf ki, kitab XI əsrdə yaransa da “Leyli və Məcnun” əsəri kimi məşhur olmayıb. “Bu kitab məni heyran edir. Miniatür elə bir sənətdir ki, ona böyüdücü şüşə ilə baxmaq lazımdır.”

Mədəniyyət naziri Anar Kərimov çıxışında bildirib ki, miniatür sənətinin təbliği istiqamətində ciddi işlər görülür. O qeyd edib ki, Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatür kitabının çap etdirilməsinə hazırlaşır: “Çox şadam ki, Milli İncəsənət Muzeyində mədəniyyətimizi əks etdirən belə bir hücrə açılıb. Bu yer təsadüfi seçilməyib. Azərbaycanın zəngin mədəniyyəti var və bu mədəniyyətin parlaq nümunələrindən biri miniatür sənət növüdür. Bu, sanki o dövrün kino mədəniyyətidir. Belə bir sənətin o XIII əsrdə yaradılması məndə fəxarət hissi oyadır. Gələcəkdə bu kitabın təbliğ olunması olduqca vacibdir."

Professor, AMEA-nın həqiqi üzvü, millət vəkili Rafael Hüseynov çıxışında bildirib ki, ilk dəfədir ki, belə bir kitab işıq üzü görüb. Onun sözlərinə görə, XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin baharı başlayır və Azərbaycan burada xüsusi yer tutur: "Çox gözəl haldır ki, rəssam, belə bir kitab hazırlayıb. Bundan sonra həmin kitab əsasında yeni kitablar yarana bilər. Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi incilərin neçəsinin toplandığı bu kitab sənətşünasların sevimli kitabları sırasında olacaq. Kitabın özü bir sənət əsəri kimi nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir. Düşünürəm ki, bu kitabın gəlişi ilə mədəniyyətimiz, sənətimiz bütövlükdə Azərbaycan kitabı gözəl bir bayramını qazandı."

Qeyd edək ki, kitab Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın Azərbaycanda ilk dəfə, tam kitab halında nəşr edildiyi nümunədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR