YUĞ Teatrı yeni mövsümə premyera ilə başlayır 

“Kloun Z” tamaşası

© APA | “Kloun Z” tamaşası

# 28 oktyabr 2021 15:34 (UTC +04:00)

Oktyabrın 29-u, saat 19: 00-da YUĞ Dövlət Teatrı yeni mövsümə “Kloun Z” tamaşasının premyera ilə başlayacaq.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa rumıniyalı dramaturq Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanıb.

Feeriya-makabr janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.

Tamaşa YUĞ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsində baş tutacaq.

YUĞ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli quruluş verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.

Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təkif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.

Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.

Tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi pandemiya qaydalarına uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR