Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi qaydaları təsdiqlənib

Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi qaydaları təsdiqlənib
# 29 may 2007 10:16 (UTC +04:00)
Nazirlər Kabineti “Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi qaydaları”nı təsdiqləyib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qaydalar Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün şəraiti yaxşılaşdırmaq məqsədilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində yaradılacaq emalatxana komplekslərindəki emalatxanaların istifadəyə verilməsi mexanizmini tənzimləyir. Sənədə əsasən yeni emalatxanalar dövlət mülkiyyətində olmaqla, yalnız Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssam və heykəltəraşların istifadəsinə verilməlidir. Emalatxanaların istifadəsi Rəssamlar İttifaqının təqdim etdiyi siyahı əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən istifadəçilərlə bağlanan müqavilə yolu ilə həyata keçirilməlidir. Emalatxana komplekslərinin idarə olunması və saxlanılması xərclərinin ödənilməsi kompleksin balansında olduğu təşkilat tərəfindən həyata keçirilir, kommunal xərclər rəssam və heykəltəraşlar tərəfindən əhali istehlakı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir.
Qaydalarda emalatxanaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə olunub. Komitə emalatxanalardan təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etməyən şəxslərlə bağlanılmış müqavilələri ləğv etmək hüququna malikdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR