Litva və Azərbaycanın mədəniyyət nazirləri memorandum imzalayacaq

Litva və Azərbaycanın mədəniyyət nazirləri memorandum imzalayacaq
# 08 iyun 2007 08:54 (UTC +04:00)
Litvanın mədəniyyət naziri Yonas Yuças və nazirliyin Beynəlxalq Münasibətlər və Avropa ilə Əlaqələr İdarəsinin rəisi Vida Qrajien Bakıda səfərdədir. APA-nın məlumatına görə, bu gün qonaqlar Heydər Əliyev abidəsi önünə əklin qoyublar. Jurnalistlərə açıqlamasında səfərinin məqsədini açıqlayan Y.Yuças dəvətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən gəldiyini deyib: “Gəlişimin səbəbi Bakıda keçirilən Beynəlxalq Caz Festivalında iştirak etmək və iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır”. Səfər çərçivəsində Bakını gəzəcəyini vurğulayan Litvanın mədəniyyət naziri bu gün Xalça Muzeyi, Heydər Əliyev Fondu, Qız qalası və Şirvanşahlar Sarayı ilə tanış olacağını deyib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva jurnalistlərə açıqlamasında deyib ki, səfər zamanı Litva və Azərbaycan mədəniyyət nazirləri arasında memorandumun imzalanması nəzərdə tutulub: “Bu sənəddə kitabxanalar, muzeylər və teatrlar arasında qarşılıqlı mübadilənin aparılması göstərilib. Litvada çox gözəl kitabxanalar və muzeylər var. Nəzərdə tuturuq ki, muzey, kitabxana və teatr sahəsində əməkdaşlıq edək. Bu sahələr arasında müqavilələr imzalanacaq”.
İyunun 10-na kimi Bakıda səfərdə olacaq Litva nümayəndə heyəti ilə bu gün axşam Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əzizə Mustafazadənin konsertində iştirak edəcək. İyunun 9-da isə qonaqlar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək, birgə mətbuat konfransı keçirəcəklər. Nümayəndə heyətinin ABŞ-ın caz kvartetinin konsertində iştirakı da gözlənilir. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR