Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Karvan” layihəsi başlayır

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Karvan” layihəsi başlayır
# 18 iyun 2007 11:34 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi yeni “Karvan” layihəsi artıq yola çıxmaq üzrədir. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihə Azərbaycanın xalq və bəstəkar mahnılarının, xalq çalğı alətləri və rəqslərinin, mədəniyyətimizin dünya ölkələrində təbliği məqsədilə həyata keçirilir. “Karvan” layihəsinin qonaq olacağı ilk ölkə Fransa olacaq. Layihənin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. “Melange.az” və ya Azərbaycansayağı qarışıq adlanan ilk mərhələdə əcnəbi musiqiçilərlə (yəni fransızlarla) birlikdə duetlər hazırlanacaq. Layihənin şərtlərinə görə, əcnəbi musiqiçilər Azərbaycan mahnılarını, bizim musiqiçilər isə fransız mahnılarını ifa etməlidirlər. Hər iki tərəfdən mahnılar artıq seçilib, musiqiçi və ifaçılar müəyyənləşdirilib, məşqlər keçirilib, studiya yazılışları başlayıb. Hazırda Bakıda qonaq olan “Clair Michael” caz kvarteti xalq mahnımız “Sarı gəlin” və Rauf Hacıyevin “Sevgilim” mahnısını fransızca ifa edəcəklər. Bizim ifaçılar isə öz növbəsində “La Mer” (Dəniz) və “Les Feulles mortes” (Düşən yarpaqlar) kimi populyar fransız mahnılarını səsləndirəcəklər. İki mahnı isə sintez şəklində ifa olunacaq. Layihədə xalq artistləri Nəzakət Teymurova və Alim Qasımov, sənətçilər Sevda Ələkbərzadə və Röya iştirak edir. Layihənin musiqi rəhbəri, xalq artisti Siyavuş Kərimidir. Aranjemanlar Vüqar Camalzadə tərəfindən hazırlanacaq. Bundan başqa, layihədə əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Natiq Şirinovun rəhbərliyi ilə “Natiq-ritm” qrupu da iştirak edir. Layihə çərçivəsində hazırlanacaq “Karvan melange.az” diskinin Fransa və Avropa ölkələrində yayılması nəzərdə tutulub. Layihənin davamı kimi virtual duetlərin hazırlanması, həmçinin virtual konsertin keçirilməsi, Azərbaycan və Fransada birgə konsertlərin təşkil edilməsi də planlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR