Arif Məlikov: “Qara Qarayevin “İldırımlı yollarla” əsərinin Opera və Balet Teatrında niyə səhnəyə qoyulmamasının cavabını tapa bilmirəm”

Arif Məlikov: “Qara Qarayevin “İldırımlı yollarla” əsərinin Opera və Balet Teatrında niyə səhnəyə qoyulmamasının cavabını tapa bilmirəm”
# 20 iyun 2007 12:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xalq artisti, bəstəkar Arif Məlikov verib. O, Bəstəkarlar İttifaqının rəhbərliyinin gənc nəslin nümayəndələrindən təşkilinə tərəfdar olduğunu deyib: “17 ildən bir qurultay keçirən ittifaq gənclərin dərdinə necə şərik ola bilər? Azərbaycanda Sovet dövründə not dükanı tikilmişdi. Not dükanını da satdılar, bəstəkarların istirahət yerini harasa rədd elədilər. Bəstəkarlar İttifaqı Arif Məlikov deyil, Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Cahangir Cahangirovdur. Bu gün Bəstəkarlar İttifaqını çölə tullamaqla Üzeyir Hacıbəyova, Qara Qarayevə hörmətsizlik edirlər”. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının fəaliyyətindən narazı olduğunu da gizlətməyən A. Məlikov bu teatrda Qara Qarayevin “İldırımlı yollarlaı” əsərinin səhnəyə qoyulmamasına cavab axtardığını deyib: “Qara Qarayevin “İldırımlı yollarla”, Arif Məlikovun dünyanın 65 teatrında qoyulmuş “Məhəbbət əfsanəsi”nin nə üçün bu teatrda nümayiş etdirliməməsinə cavab axtarıram. Azərbaycan bəstəkarları bir sıra ölkələrin musiqiçilərindən öndədir. Azərbaycanda bu qədər dahi bəstəkarlar ola-ola 17 il qurultay keçirilməyib. Bəstəkarlar İttifaqında simfonik, kamera, opera, balet, mahnı seksiyası çalışmalıdır. Azərbaycanda olan bütün problemlər ilk növbədə Bəstəkarlar İttifaqında təhlil olunmalıdır”. Qurultaydan razı qalmadığını vurğulayan bəstəkar, bir qurultaya dörd qurultayın materialını salmağı düzgün hesab etməyib. A. Məlikov Üzeyir Hacıbəyovun qısa müddətdə Azərbaycan musiqisi dünyaya tanıtdırdığını deyib: “Bəs nə üçün Üzeyir Hacıbəyovun qoyduğu yollara xor baxırıq, ondan ibrət götürmürük? Bu gün “Məşədi İbad” Opera və Balet Teatrında oynanmamalıdır. Axı “Məşədi İbad” musiqili komediya, “Arşın mal alan” isə opperettadadır. Əgər bu gün opera gəlib “Məşədi İbad ” səviyyəsinə düşübsə, indi bizim mədəniyyətimizin keyfiyyətindən danışmağa dəyməz. Tarix boyu Azərbaycan Opera və Balet Teatrının səhnəsində bir dənə müasir bəstəkarın əsəri qoyulmayıb. Azərbaycan xalqı müasir musiqi dövrünün nə demək olduğu barədə hec bir şey bilmir. Azərbaycan xalqının dünyada hansı proseslərin getdiyini bilməyə haqqı var?”. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqında seçkilər keçirildiyindən A. Məlikovun fikirlərinə münasibət öyrənmək mümkün olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR