Milli Kulinariya Mərkəzinin direktoru “Titan” Sənaye Şirkətlər Qrupunu məhkəməyə verəcək

Milli Kulinariya Mərkəzinin direktoru “Titan” Sənaye Şirkətlər Qrupunu məhkəməyə verəcək
# 20 iyun 2007 12:37 (UTC +04:00)
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov “Titan” Sənaye Şirkətlər Qrupunu məhkəməyə verəcək. T. Əmiraslanov APA-ya bildirib ki, firmanın məhkəməyə verilməsinə səbəb mərkəzə 1600 manat borcunun olmasıdır: “Bir ilə yaxındır bu firma bizə olan 1600 manatı ödəmir. Bu, “Kulina” jurnalının dörd nömrəsinin reklamından yaranan borcdur. Ötən il bu pulun dəyəri yüksək idi, indi isə heç nədir. Borcu bir-iki ay gözləmək olar, daha illərlə yox. Onlar dəfələrlə bu pulu qaytaracaqlarını bildiriblər. Ancaq bir ildir ki, bu gün-sabah edirlər”. O, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini, eyni zamanda İqtisadi İnkişaf Nazirliyinə də müraciət ünvanlayacağını vurğulayıb. Hazırda Azərbaycan kulinariyasının çox böyük reklama ehtiyacı olduğunu bildirən mərkəz rəhbəri hazırkı vəziyyəti qənaətbəxş hesab etmir: “Bu gün ermənilərin Azərbaycan mətbəxini özününküləşdirməsi ilə mübarizə aparmaq lazımdır. Biz buna çalışırıq, ancaq Azərbaycan biznes şirkətləri bizə kömək etmirlər. Ermənilərin mətbəximizi özününküləşdirməsi ilə bağlı toplunu çap etdirmək üçün maliyyə tapmırıq. Artıq bütün materiallar hazırdır, ancaq nəşr etdirmək üçün imkan yoxdur”.
Məsələ ilə bağlı “Titan” Sənaye Şirkətlər Qrupunun mühasibat şöbəsindən APA-ya bildirilib ki, bu borc iyulun əvvəlində ödəniləcək. Şöbədən bu borcdan imtina etmədiklərini və borclu olduqlarını gizlətmədikləri deyilib: “Məhkəməyə veriləcəyimiz təqdirdə də borclu olduğumuzu gizlətməyəcəyik. Ancaq biz Tahir Əmiraslanovla danışmışıq və bu pulu iyulun əvvəlində ödəcəyimizi bildirmişik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR