Firəngiz Əlizadə: “Azərbaycan Bəstəkarlar İttifaqının strukturunda dəyişikliklər etməyi düşünürəm”

Firəngiz Əlizadə: “Azərbaycan Bəstəkarlar İttifaqının strukturunda dəyişikliklər etməyi düşünürəm”
# 21 iyun 2007 10:43 (UTC +04:00)
- Firəngiz xanım, Azərbaycan Bəstəkarlar İttifaqının yeni sədri kimi hansı islahatlar aparmaq fikrindəsiniz?
- Sabah Bəstəkarlar İttifaqının katibliyi müəyyən olunacaq. Katiblik müəyyənləşəndən sonra bir yerdə planlarımızı və hansı dəyişikliklərin aparılmasını müzakirə edəcəyik. Katib müəyyən olunduqdan sonra mən öz proqramını onlarla tanış edəcəyəm. Azərbaycan Bəstəkarlar İttifaqının strukturunda dəyişikliklər etməyi düşünürəm. Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün çalışacağam. Bu günə kimi biz sanki özümüzə qapanıb qalmışdıq. Bir-iki nəfərdən başqa, qalan heç kimin geniş əlaqələri yox idi. Mənim niyyətim odur ki, Bəstəkarlar İttifaqı dəyərli bəstəkarların gözəl musiqilərini dünyada təbliğ etsin. Muğamı, aşıq musiqisini, ümumiyyətlə, milli musiqimizi qorumaq, nota yazmaq, internet vasitəsi ilə bütün dünyaya yaymaq məqsədimiz var. Bu, çox böyük işdir və biz bütün bu işləri yaxın zamanlarda həyata keçirmək istəyirik. Eyni zamanda, müəllif hüquqları məsələsi var ki, bu da müasir dünyada çox ciddi məsələdir. Son zamanlar bizim musiqimizə qarşı təxribatlar var. Bəstəkarlarımızın, milli musiqimizin, aşıq musiqimizin hüquqlarını qorumalıyıq.
- Bəstəkarlar İttifaqında müəyyən şöbələrin fəaliyyətinin dayandırılması nəzərdə tutulubmu?
- İndiyə qədər fəaliyyət göstərən şöbələrin heç birinin fəaliyyəti dayandırılmayacaq. Tofiq Quliyevin dövründən simfonik, kamera, estrada, xalq musiqisi şöbələri, gənclərlə iş üzrə şöbələr mövcuddur. Bu şöbələr qurultaya hazırlıq prosesində böyük işlər gördülər. Bəzi bəstəkarlar bu şöbələrin fəaliyyət göstərmədiklərini deyir. Ancaq bu, doğru deyil. Əgər kimsə bu şöbələrin işində iştirak etməyibsə, bu, o demək deyil ki, şöbələr fəaliyyət göstərməyib. Bu qurultayı məhz o şöbələr hazırlayıb. Bir həftə ərzində konsert salonlarında 65 bəstəkarın 116 əsəri səslənib. Ramiz Zöhrabovla mən şəxsən noyabrdan bu işlə məşğuluq və ciddi cəhdlə qurultaya hazırlaşmışıq. Qurultayın konsertləri çox yüksək səviyyədə keçdi. Qurultayımıza səkkiz ölkənin Bəstəkarlar İttifaqlarının sədrləri qonaq qismində qatılıb. Onlar belə yüksək səviyyədə qurultay görəmdiklərini dedilər. Həmin qonaqların ölkəsində Bəstəkarlar İttifaqının qurultayı keçirilməyib, keçiriləcəyinə ümid də etmirlər.
- Bundan sonra gənclərlə bağlı hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
- Gənclərə yeni yollar açılacaq. Biz gənclərimizi beynəlxalq səviyyədə tanıtmaq istəyirik. Dinləyicini biz özümüz hazırlaşdırmalı, formalaşdırmalıyıq. Çünki musiqini özümüz üçün yox, xalqımız üçün yazırıq.
- Bayağı musiqilərlə mübarizə aparacaqsınızmı?
- Bu, çox ciddi məsələdir. Bu istiqamətdə planlarımızı gerçəkləşdirməyə ümid edirəm. İstəyirik ki, bütün televiziyalarda ittifaqın nümayəndəsi olsun, bədii şuralar fəaliyyət göstərsin. Demirik ki, bədii şuralar yalnız bəstəkarlardan ibarət olsun. Heç olmasa bir nümayəndəmiz şurada iştirak etsə, kifayətdir. Xalqımız istedadlıdır, musiqiyə meyllidir. Kim istəsə, musiqi də yazmalıdır, amma sağlam rəqabət olmalıdır. Amma televiziya kanalları tam müstəqil olduğundan biz onlara diktə edə bilmərik, senzura yarada bilmərik. Hansı musiqinin yaxşı olduğuna xalq qərar verməlidir. SMS-lər aləmi qatır bir-birinə, bilinmir ki, hansı yaxşıdır, hansı pis.
- Sədr olduğunuz müddətdə xarici ölkələrə səfərləriniz davam edəcəkmi?
- Bir neçə premyeram olacaq. Təbii ki, həmin premyeralara gedəcəyəm. Amma vaxtımın daha çox hissəsini burada keçirəcəyəm. Çox sevinirəm ki, mənim Azərbaycanda işləmək imkanım yarandı.
- Bəzi bəstəkarlar sizin sədr seçilməyinizlə bağlı narazılığını gizlətmədilər...
- Qurultayda hamı öz rəyini söylədi, səsvermə keçirildi. Hətta belə təklif də var idi ki, səsvermə açıq keçirilsin. Mən çox qurultay görmüşəm. 1979-cu ildən Bəstəkarlar İttifaqında katibəm. Soltan Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevlə bir yerdə çalışmışıq. O narazı bəstəkarlar heç vaxt katiblikdə olmayıblar, həmkarları heç vaxt onları seçməyib.
- Bəstəkar Arif Məlikov APA-ya açıqlamasında seçkilərin şəffaf keçirilmədiyindən narazılıq edib...
- Nədən narazı qalıb? Bəyəm seçkilərdə özü iştirak etmirdi? Birinci mərhələdə həmkarlarım məni idarə heyətinə seçdilər, ikinci mərhələdə 19 nəfər yığışıb sədr postuna iki nəfərin namizədliyini irəli sürdü - Arif Məlikov və Firəngiz Əlizadə. Arif Məlikov ayağa qalxıb qışqırmağa başladı. Ondan soruşdular ki, axı, təklifiniz nədir? O da qəti bir söz deyə bilməyib qayıtdı ki, təklif edirəm, qoy sədr Sərdar Fərəcov olsun. Bu təkliflə o, səsləri üç yerə parçaladı. Onun gözünün qabağında gizli səsvermə keçirildi, onun iştirakı ilə də səslər hesablandı. Nəticədə yenə Firəngiz Əlizadə hamıdan çox səs topladı.
- 15 il xaricdə yaşamağınız və bütün bu seçkilərin nəticələrinin qabaqcadan məlum olması ilə bağlı deyilən iradlara necə cavab verərdiniz?
- Mən orada işləmirdim, yaşayırdım. Mən azad, yaradıcı insanam. Bu bir növ tituldur, hamıya bu ad verilmir. Rostropoviç ABŞ, Sankt- Peterburq, Moskvada yaşayırdı, dünyanın ən məşhur səhnələrində konsertlər verirdi. Məndə də eyni vəziyyətdir. Belə 5-6 məşhur musiqiçi var ki, onlar bütün dünyanın vətəndaşıdır. Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Dəfələrlə Türkiyədən mənə təkliflər olub ki, mən bu ölkənin vətəndaşı olum. Mən orada “Boş beşik” adlı balet yazdım, burada o baletin adını da bilmirlər. Beynəlxalq festival mənim baletimlə açıldı. Süleyman Dəmirəl şəxsən özü mənə Türkiyə vətəndaşlığını qəbul etməyimi təklif etdi. Dedim ki, xeyr, özümü türk dünyasının bəstəkarı saysam da, Azərbaycan vətəndaşıyam.
- Bundan sonra Bəstəkarlar İttifaqının qurultayı vaxtlı-vaxtında keçiriləcəkmi?
- Bəli! Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı nizamnaməyə uyğun olaraq, vaxtlı-vaxtında keçiriləcək. /APA /
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR