Arif Məlikov : “15 il xaricdə yaşayan Firəngiz Əlizadənin Bəstəkarlar İttifaqına niyə sədr seçildiyini məndən soruşmayın”

Arif Məlikov : “15 il xaricdə yaşayan Firəngiz Əlizadənin Bəstəkarlar İttifaqına niyə sədr seçildiyini məndən soruşmayın”
# 21 iyun 2007 11:26 (UTC +04:00)
Bu sözləri xalq artisti, bəstəkar Arif Məlikov APA-ya açıqlamasında bildirib. O, Bəstəkarlar İttifaqının sədri postuna seçkilərdə gənclərin qalib gəlməsinin tərəfdarı olduğunu deyib: “Firəngiz Əlizadə gənc deyil, onun yaşı artıq altmışı keçib. Mən öz sözümü qurultayda da dedim. Bəstəkarlar Firəngiz Əlizadəni sədr seçdilər, qoy bu vəzifədə işləsin. Onun 15 il xaricdə yaşamasına baxmayaraq niyə sədr seçilməsini məndən soruşmayın. Onu həmin vəzifədə mən əyləşdirməmişəm”. Bəstəkarlar İttifaqının katibi postunda gözü olmadığını bildirən Arif Məlikov bu günə kimi bütün vəzifələrdən uzaq olduğunu və yeni seçilən rəhbərə uğurlar arzuladığını qeyd edib: “Bu yaşıma kimi bütün vəzifələrdən qaçmışam, əlimdə işim olan vaxt katib, ya sədr olmağa çalışmamışam. Dünən mən Sərdar Fərəcova səs verdim, amma o seçilmədi. Bu günə kimi ittifaqda nə sədr, nə katib vəzifəsində işləməmişəmsə, daima bu vəzifələrdən qaçmışamsa, bu yaşımda əlimdə bu qədər iş olan vaxtı vəzifədə işləmək lazım deyil. Hansısa vəzifədə olmaq mənim həyat prinsiplərimə uyğun deyil. Əgər sədr seçilsəydim, o vəzifədən imtina edəcəkdim. Bu sözü mən çoxdan demişəm”. Bəstəkar İttifaqının sədri postuna digər namizəd Sərdar Fərəcov isə APA-ya açıqlamasında seçkilərin şəffaf keçirildiyini deyib: “Firəngiz Əlizadə 15 il xaricdə yaşamasına baxmayaraq, Azərbaycan vətəndaşıdır. O, Azərbaycan Bəstəkarlar İttifaqının 1979-cu ildən katibi olub. Seçkilər hamının gözü qarşısında çox şəffaflıqla keçirildi”. Sərdar Fərəcovun sözlərinə görə, qurumun katibi postuna namizədi sədr müəyyən edəcək və kiminlə işləmək istədiyini də Firəngiz Əlizadə özü elan edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR