Parisdə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviq edilməsinə dair Konvensiya”nın I konfransı keçirilib

Parisdə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviq edilməsinə dair Konvensiya”nın I konfransı keçirilib
# 25 iyun 2007 15:02 (UTC +04:00)
İyunun 18-19-da Fransanın Paris şəhərində yerləşən UNESCO-nun Baş Qərargahında “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviq edilməsinə dair Konvensiya”nın iştirakçı dövlətlərinin I konfransı keçirilib. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İştirakçı dövlətlərdən əlavə, müşahidəçi ölkələr və beynəlxalq qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçən tədbirdə Azərbaycanın nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva başçılıq edib. 19 iyunda “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviq edilməsinə dair Konvensiya” üzrə Hökumətlərarası Komitəyə seçkilər keçirilib. Konvensiyanı ratifikasiya etmiş 62 dövlətdən 24-ü bu Komitəyə üzv seçilib. Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunması üçün Konvensiya hazırda Milli Məclisin müzakirəsinə verilib. İclasın sonuncu günü “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviq edilməsinə dair Konvensiya” üzrə Hökumətlərarası Fondun fəaliyyət dairəsi müzakirə olunub və bəzi iştirakçı dövlətlər öz hökumətləri adından Fonda ediləcək töhfənin məbləğini bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR