“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının təqdimat mərasimi keçirilib

“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının təqdimat mərasimi keçirilib
# 06 iyul 2007 14:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihənin müəllifi və rəhbəri Lalə Kazımova, kitabın tərtibçisi və elmi redaktoru Sevda Məmmədəliyevadır. Kitab Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət sahəsində çoxsahəli fəaliyyətini əks etdirir. Kitabda Mehriban Əliyevanın fəaliyyəti bir neçə bölmələr üzrə verilib. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun tədbirləri, Heydər Əliyev Fondunun tədbirləri, hər iki fondun birgə həyata keçirdiyi layihələr, Mehriban Əliyevanın YUNESKO-da fəaliyyəti, Mehriban xanım Əliyeva haqqında məqalə və materiallar, onun müsahibələri, dünya mədəniyyət ocaqlarına səfərləri kitabda əks olunub. Kitab 1995-2007-ci illəri əhatə edən dövri mətbuat materialları əsasında tərtib edilib. Yüksək poliqrafik səviyyədə nəşr edilən kitabın elektron (CD) variantı da hazırlanıb. Təqdimat mərasiminin əvvəlində Mehriban xanımın mədəniyyət sahəsində çoxsahəli fəaliyyətinə həsr olunan video klip nümayiş etdirilib. Mərasimi giri sözü ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıb. Təqdimat mərasimində Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademik Rasim Əfəndiyev çıxış ediblər. Təqdimat mərasimi konsert proqramı ilə başa çatıb. Kitab respublikanın kitabxanalarına əvəzsiz olaraq paylanacaq. “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının rus və ingilis dillərinə tərcüməsi də nəzərdə tutulur. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR