Azərbaycanlı rəssamın əsəri İstanbulda 400 min dollara satılıb

Azərbaycanlı rəssamın əsəri İstanbulda 400 min dollara satılıb
# 11 iyul 2007 11:49 (UTC +04:00)
İstanbuldakı “DİRİMART” Sənət Qalereyası rəssam Hümmət Qaracanın 225 səhifəlik “Ümmet Karaca kitabı”nı çapdan buraxıb. H. Qaraca APA-nın Türkiyə bürosuna açıqlamasında bundan sonra da türk rəsm sənətinin inkişafı üçün çalışacağını bildirib: “Bu kitab mənim yaradıcılığımın Türkiyədəki 15 illik mərhələsinin yekunudur. Kitabımda 400-ə yaxın qara qələm və yağlı boya tablolarım öz əksini tapıb. Bu əsərləri yaratmaq üçün Türkiyəni başdan-başa dolaşmışam. Adımın türk rəsm sənətinin məşhur peyzaj ustaları naxçıvanlı İbrahim Safi (Rəhman Səfiyev) və kalmıkiyalı Naci Kalmıkoğlu (Nikolay Kalmıkov) ilə birgə çəkilməsi məni çox sevindirir. İnanıram ki, onlardan sonra mən də türk rəsm sənətinin inkişafı üçün müəyyən işlər görmüşəm və buna davam edəcəyəm”.
Qeyd edək ki, 1956-cı ildə Gürcüstanın Qarayazı mahalında anadan olan Hümbət Qaraca 1992-ci ildən Türkiyədə yaşayır. İstanbulun məşhur qalereya və auksionları ilə əməkdaşlıq edən H. Qaracanın yağlı boya ilə çəkdiyi “Atatürk portreti” əsəri ötən ay İstanbulda keçirilən auksionda 500 min yeni türk lirəsinə (400 min ABŞ dollarına) satılıb. Bu, indiyədək Azərbaycan rəssamının xaricdə en baha satılan tablosudur. Gürcüstan prezidenti Mixail Saakaşvili iyunun 26-da İstanbulda H. Qaracanın rəsmləri ilə maraqlanıb və onu Tiflisdə də sərgi açmağa dəvət edib. Payızda H. Qaracanın Almaniyada fərdi sərgisi açılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR