Azərbaycan kulinarları Başqırdıstanda keçirilən kulinariya salonunda iştirak ediblər

Azərbaycan kulinarları Başqırdıstanda keçirilən kulinariya salonunda iştirak ediblər
# 31 iyul 2007 15:43 (UTC +04:00)
Azərbaycan kulinarları ticarət işçilərinin peşə bayramı və Rusiya ilə Başqırdıstan arasında əlaqələrin qurulmasının 450 illiyi münasibəti ilə Başqırdıstanda keçirilən kulinariya salonunda iştirak ediblər. Mərkəzin direktoru Tahir Əmiraslanov APA-ya deyib ki, tədbir çərçivəsində xüsusi ustad dərsləri və master-klasslar da təşkil olunub. Ustad dərslərində Azərbaycan və Rusiya kulinarları xüsusi ilə seçiliblər. Tahir Əmiraslanov səfər çərçivəsində “Azərbaycan kulinariyasının dünəni, bu günü və gələcəyi” mövzusunda mühazirə ilə çıxış edib: “Səfər zamanı Başqırdıstan restoranlarında Azərbaycanın milli xörəklərinə də yer verilməsi ilə bağlı bizə müraciətlər olundu. Tədbir çərçivəsində eyni zamanda Rusiyada gözdən əlillərin işlə təmin olunması məqsədi ilə qaranlıq restoranlar istifadəyə verilib. Bu mexanizmin Azərbaycanda da tətbiq olunması gözlənilir”. T. Əmiraslanov deyib ki, səfər zamanı Rusiyada fəhlə, uşaq yeməkxanalarında, eləcə də restoranlarda menyuda olan qidaların qiyməti ilə yanaşı, qidada olan zülal, karbohidrat və yağın miqdarının göstərilməsi barədə qərar qəbul edilib. Bu ənənənin Azərbaycanda tətbiqinin vacibliyini vurğulayan mərkəz rəhbəri, bu qanunun tezliklə Azərbaycanda qəbul olunacağına inandığını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR