Fiziki məhdudiyyətli insanların da iştirak etdiyi "Solğun sevgilər" tamaşasının premyerası olub

Fiziki məhdudiyyətli insanların da iştirak etdiyi "Solğun sevgilər" tamaşasının premyerası olub
# 06 dekabr 2019 19:30 (UTC +04:00)

Dekabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Solğun sevgilər” tamaşasının premyerası olub.

APA-nın məlumatına görə, tamaşa Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət Nazirliklərinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Mədəniyyət naziri Əbülfəs Qarayev iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında layihənin fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədi ilə həyata keçirildiyini bildirib: "Bu gün fiziki məhdudiyyətli insanlarla bərabər Cəfər Cabbarlının əsəri əsasında hazırlanmış tamaşa göstəriləcək. Hər bir insanda yaradıcı potensialın açılması üçün bu fürsətlərdən geniş istifadə etməliyik. Biz buna dəstək veririk. Bunun üçün bütün teatrlarda şərait yaradılıb. Bu layihənin hazırlanmasında Kukla Teatrının özündən də təşəbbüs olub. Ümumiyyətlə, yeni formalaşan, maraqlı layihələrlə çıxış edən özfəaliyyət teatr kollektivləri ilə əməkdaşlıq edirik. Azərbaycanda çoxlu xalq teatrları fəaliyyətlərini davam etdirirlər. Onların sayı artmaqdadır. Son illər biz bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə fiziki məhdudiyyətli insanların da qoşulmasını təşkil edirik. Hesab edirəm ki, olduqca dəyərli təşəbbüsdür. Biz gələcəkdə də belə layihələri dəstəkləyəcəyik. Bu il Cəfər Cabbarlının yubileyinin keçirildiyini nəzərə alaraq, layihə çərçivəsində onun əsəri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək. Düşünürəm ki, hamıya maraqlı olacaq".

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. Tamaşada Elnarə Qədimova, Türkay Cəfərli, Ülviyyə Əliyeva, Günay Əhməd və başqaları oynayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR