Xalq artisti Eldar Quliyev vəfat edib

Xalq artisti Eldar Quliyev vəfat edib
# 16 aprel 2021 10:55 (UTC +04:00)

Xalq artisti, rejissor Eldar Quliyev vəfat edib.

Bu barədə APA-ya rejissor Akif Rüstəmov məlumat verib.

O, E. Quliyevin bu gün səhər vəfat etdiyini deyib.

Qeyd edək ki, E. Quliyev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.

1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Tanınmış bədii və sənədli filmlərin müəllifidir.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib.

"Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya, "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru idi.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti olub.

Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Prezident İlham Əliyev bu il yanvarın 23-də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Quliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqına Sərəncam imzalayıb.

Allah rəhmət eləsin! 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR