“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə giriş sözü ilə çıxış edən “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin sədri Şərəf Nağıyeva sərginin əhəmiyyəti haqqında danışıb.
O, bildirib ki, sərgi vasitəsilə diqqətdən kənarda qalan ekoloji problemləri çatdırmağa çalışıblar: "Sərginin adının “Fokusdan kənar” olması sözügedən niyyətimizdən xəbər verir. Bu işdə bizə 10 fotoqraf kömək edib. Biz ekoloji problemləri onların baxış bucağından göstəririk”
Sonra sərgi iştirakçıları nümayiş olunan fotolarla tanış olublar.
Qeyd edək ki, iki həftə ərzində davam edəcək sərgi çərçivəsində avqustun 1-i alman rejissoru Vim Vendersin “Yerin ulduzu” adlı film nümayiş olunacaq. Həmçinin daha iki tədbirin keçirilməsi planlaşdırılıb. Onlardan biri fotoqrafların iştirakı ilə baş tutacaq, digəri isə “Femiscop” platformasının “EcoFeminist Fest” layihəsinə həsr ediləcək.