Doqquz yaşında Şuşadan vertolyotla çıxan dirijor: “Frak geyinib, Şuşada konsert vermək arzum idi” - MÜSAHİBƏ - VİDEO

Fuad İbrahimov

© APA | Fuad İbrahimov

# 20 may 2021 14:40 (UTC +04:00)

Onu bir şəhərin insanlaşmış obrazı da sanmaq olar...

82-də Şuşada doğulub.

Uşaqlığı Qarabağ savaşının ən qaynar dövründə keçib.

Müharibə qorxusu ilə gecələri soyuq zirzəmilərə sığınıb.

Qaçqın düşüb, köçkünlüyün ağrılarını dadıb.

Məhrumiyyətlər, sıxıntılar görüb.

12 yaşında körpə qəlbi təsəllini musiqidə tapıb.

Xaricdə təhsil alıb. Orada yaşayıb.

...ömrünü dirijorluğa bağlayıb.

Musiqimizi dünyada tanıdıb.

Üzeyir bəy ənənələrini davam etdirib.

Avropadan Amerikaya, Amerikadan Asiyaya nəhəng musiqi salonlarında konsert verib, nüfuzlu orkestrlərə rəhbərlik edib.

Və nəhayət 28 illik ayrılıqdan sonra bir zamanlar aşağı - yuxarı qaçdığı Cıdır düzündə konsert verib - “Xarıbülbül” Festivalının dirijorlarından biri kimi çıxış edib.

Onun üçün deyirəm. Əgər Şuşa bir insan qiyafəsinə bürünsəydi, o, Fuad İbrahimov olardı - dirijor, Əməkdar artist, bir sıra beynəlxalq mükafatlar laureatı, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen gənclərdən ibarət simfonik orkestrinin (Neue Philharmonie Munchen) və Bakı Musiqi Akademiyasının gənclərdən ibarət (Baku Chamber Orchestra) orkestrinin baş dirijoru Fuad İbrahimov...

Və güman edirəm ki, müsahibəni oxuyandan sonra siz də bu qənaətə gələcəksiniz.

Dirijor, Əməkdar artist Fuad İbrahimovun APA-ya müsahibəsi

- Dörd il əvvəl bir müsahibənizdə demişdiniz ki, hər dəfə vətənə gələndə Şuşaya getmək istəyirsiniz, ürəyinizin bir hissəsi orda döyünür. Bunu dilə gətirəndə nə vaxtsa arzunuzun gerçəkləşəcəyinə inanırdınızmı?

- Əlbəttə. Ümumiyyətlə, mən təhsilimi bitirib Almaniyadan qayıdandan sonra hər hansı dostumla rastlaşanda, həmişə bura haqqında çox pozitiv fikirlər bildirirdim. Çünki çoxu düşünür ki, Azərbaycandan gedirsənsə, xarici ölkədə hər şey yaxşıdır, orda elədi, burda belədir, xeyr, əslində, elə deyil. Mən bütün vaxtımı pozitiv hisslərlə yaşamışam və əmin olmuşam ki, Azərbaycanda hər şey gündən-günə yaxşı olacaq. Bu, sadəcə, quru sözlər deyil, mən bunları hiss edərək, duyaraq demişəm. Yaşayıb görürük ki, həqiqətən də bizim inamımız gerçəkləşir.

- 9 yaşında Şuşadan çıxmış bir oğlan gedib Almaniyada təhsil alır, 30 il sonra qayıdır və Cıdır düzündə frakda konsert verir, orkestrə rəhbərlik edir. Yəqin ki, bunun da gerçək olacağına inanırdınız?

- Mənim arzum idi Şuşada frak geyinib konsert vermək, onu da elədim. Amma düzünü desəm, müharibə vaxtı, Şuşada bomba qorxusu ilə zirzəmilərdə yaşadığımız vaxt ağlıma da gəlməzdi ki, nə vaxtsa Almaniyada təhsil alacam, dirijor olacam. Bu hadisələrin hamısı bir möcüzə kimi baş verdi. Yeri gəlmişkən vurğulamaq istəyirəm ki, mən məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə xaricdə təhsil almaq imkanı qazandım. Yəqin təsəvvür edirsiniz ki, mənim kimi qaçqın-köçkün bir uşağın gedib hardasa təhsil alması qeyri-mümkün idi. Belə şey xəyalımda belə yox idi.

- Sizin həyatınızı uğur hekayəsi də adlandırmaq olar.

- Bəli, tamamilə düz buyurdunuz. Ona görə də Şuşada olanda Fərəh xanım Əliyeva mənə deyirdi ki, Fuad, sən təsəvvürünə gətirirsən, nə boyda bir dairə cızıb təzədən doğulduğun yerə qayıtmısan?! Şuşadan Bakıya, Bakıdan Londona, Londondan Amerikaya, Amerikadan Avropaya, Avropadan Hindistana, Hindistandan Cənubi Afrikaya, Venesuelaya... Yəni dünyanın hər yerini dolaşdım, 30 ildən sonra yenidən başladığım nöqtəyə - 1992-ci ilin yanvar ayında vertolyotla evakuasiya olunduğum yerə qayıtdım.

- Mən şəxsən sizin ifaya baxdıqca görürdüm ki, üzünüzdən, hərəkətlərinizdən bəxtiyarlıq yağır. Elə bil 9 yaşında Cıdır düzündən vertolyotla uçan dərdli-kədərli oğlan bu dəfə onun səmasında xoşbəxt-xoşbəxt pərvazlanırdı.

- Orada bütün musiqiçilər həyəcan hissi yaşayırdı. Mən artıq 10 ildir, dirijorluq fəaliyyəti ilə məşğul oluram. Çoxlu sayda səhnədə olmuşam, konsertlər vermişəm, kollektivlərlə çalışmışam. Amma həmin o səhnəyə çıxanda elə həyəcan hissi yaşayırdım ki, özümü cilovlaya bilmirdim. Halbuki bu sənətdə özünü idarə etmək çox vacibdir, dirijorluq böyük bir məsuliyyətdir. Amma yenə də mən həm həyəcan, sevinc, göz yaşları... Nə bilim, hamısı bir-birinə qarışmışdı. Mən yenə də Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nu ifa elədim.

- “Azərbaycan kapriççiosu”nu repertuara özünüz daxil etmişdiniz, yoxsa proqram bu cür tərtib olunmuşdu?

- “Kapriççio”nun mənə həvalə edilməsi təbii hal kimi alındı. Çünki o əsərdə demək olar bütün tariximiz var: savaş var, həyəcan var, gərginlik, sevgi və sair hisslər var. Bu hisslərin hamısını orda duymaq olar. Əlbəttə Heydər Əliyev Fondunun nümayəndələri proqramın üzərində işləyən zaman yəqin diqqət ediblər ki, Fuad öz hisslərini bu ifa ilə verə biləcək və ümidvaram ki, bunu edə bildim. Düzdür, mən heç vaxt öz ifalarımı qiymətləndirmirəm. Onu musiqisevərlər, peşəkarlar qiymətləndirə bilər. Lakin həmin o an bütöv orkestr, mən, tamaşaçılar da əsərin möhtəşəmliyini Cıdır düzündə ikiqat duydular.

- Və Siz özünüz də o əsəri hər hansı salonda ifa zamanı duyacağınız hisslərdən qat-qat artığını yaşadınız.

- Elədir, mən o əsəri dəfələrlə ifa eləmişəm. Yadımda qalan ifalardan biri 2009-cu ildə Almaniyada, alman orkestri ilə olmuşdu. Həmin an çox qəribə hisslər keçirmişdim. Çünki mən musiqiyə gələndə filarmoniyada ilk dəfə “Azərbaycan kapriççiosu”nu eşitmiş və vurğun olmuşdum. 12 yaşım var idi. Bakıya təzə köçmüşdük. Həmin gün konsertdən sonra musiqinin təsiri ilə bütün yol boyu dəli kimi hərəkətlər edirdim. O vaxtdan ürəyimdə böyük bir arzu yaranmışdı ki, o əsəri nə vaxtsa özüm ifa edim. Əlbəttə, o yaşda dirijor olmaq heç ağlıma gəlməzdi. Amma bizim ailədə çoxu musiqiçi olduğuna görə musiqi ilə bağlanmağım təbii idi. Bu arzumu Almaniyada ilk dəfə yerinə yetəndə çox kövrəldim və həmin gündən də çox böyük arzum idi ki, “Azərbaycan kapriççiosu”nu ifa etmək Şuşada da mənə qismət olsun. Biz 44 günə bu müharibədə haqq yolu ilə qalib gəldik. Yeri gəlmişkən, mən şəhidlərimizin ruhunu anmaq istərdim. Hamısına “Allah rəhmət eləsin” deyirəm və bizim igid oğullarımıza “Çox sağ olun” deyirəm. Bizim Ali Baş Komandana “Çox sağ ol” deyirəm. Onlar hamımıza bu hissi yaşatdılar və biz bu sevinc hissini əlbəttə ki, bu igid oğullara borcluyuq. Hər birinin qarşısına baş əyirəm. Bu insanlarsız və Ali Baş Komandanın cəsarəti olmadan bu günləri yaşamazdıq.

- Siz Qarabağ müharibəsinin, faciəsinin ağrısını yaşamış insansınız. Getdiyiniz ölkələrdə bizim həqiqətlərimizi deyəndə və bunu öz həyat hekayətiniz kimi danışanda, necə münasibət göstərirdilər?

- Açığını desəm, mənim həyat hekayəmi Azərbaycanda da çoxu bilmir. Təsadüfən belə alındı ki, “Xarıbülbül” festivalı günü şəklim yayıldı və bir anda mənim taleyim hamıya bəlli oldu. Bunu deməkdə məqsədim odur ki, xarici səfərlərdə, Almaniyada yaşayanda da öz həyatımdan çox danışmırdım. Ola bilər, bunu travma kimi yaşamışam, danışmağı xoşlamamışam, amma yenə də azərbaycanlı, qarabağlı olduğumu hər yerdə, həmişə vurğulamışam. Hətta bizim qonşu ölkənin nümayəndələri ilə hansısa konsert səhnələrində rastlaşmışam və hər birinə hardan gəldiyimi, hansı hisslərlə yaşadığımı çatdırmışam. Əlbəttə, biz hər zaman haqq yolunda olmuşuq, ona görə də hər zaman yaşadığım hissləri, hətta üzümdəki ifadəni çox gözəl anlayır və heç nə deyə bilmirdilər. Bir dəfə təsadüfən bir tanışlıq oldu.

- Erməni musiqiçilərlə qarşılaşmağınızı nəzərdə tutursunuz, elədir?

- Bəli-bəli. Avropada bu qaçılmazdır. Təsadüfən belə bir tanışlıq oldu. Məni təqdim etdilər. Adı Karen idi. O da mənim 90-cı illərdən sonra ilk rastlaşdığım erməni idi. Boş-boş söhbətlərə başladı, dedi ki, biz neyləyə bilərik? Mən dedim zəhmət olmasa, pasportuma baxın, pasportumda yazılıb: doğulub Şuşada. Ona dedim ki, bununla hər şey bəllidir. Və mənim içimdə yaşanan hisslər sizə çox gözəl aydındır. Ona görə bu söhbətin davamını istəmirəm. Bununla da söhbətimiz yekunlaşdı. Amma musiqi ilə sözümüzü hər yerdə demişik. Bizim dahi bəstəkarların əsərləri o qədər zəngindir ki, heç bir söz onu əvəz edə bilməz. Bir məqamı da vurğulamaq istəyirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bütün bu illər boyu bizim musiqinin, mədəniyyətin təbliğatı olub, mən də bu tədbirlərin bir çoxunda dirijor kimi iştirak etmişəm.

- Xarici ölkələrdə təbliğat məsələsini niyə soruşdum? Sosial şəbəkədə bir paylaşımınızı gördüm, deyəsən, İsa bulağında olan uşaqlıq şəklinizi göstərib alman dilində onun hekayəsini danışırdınız.

- Düşündüm ki, bildiyim dillərdə - alman, ingilis, rus - öz hekayəmi çatdırım. Yəni olanları öz hekayəmlə sosial şəbəkədə olan tanışlarla bölüşmək istədim. Açığı böyük əks-səda doğuracağını gözləmirdim, ciddi müzakirə getdi. Çoxu da mənim tərəfimi saxladı, çünki mən faktları deyirdim. Şəkilləri göstərə-göstərə izah eləməyə çalışırdım ki, Şuşada doğulmuşam, mənim babalarım Şuşada doğulub və biz oradan qovulmuşuq.

- Deyəsən, ananız da festivalda qonaq qismində iştirak edirdi.

- Elədir, anam da mənimlə birgə idi. Mən orda çox gözəl an yaşadım.

- Yəqin onun hisslərini bir ana kimi artıq heç nəylə ifadə etmək olmaz.

- Şuşaya çatanda, çox rəngarəng hisslər yaşayırdım. İlk növbədə, gördüyüm Şuşaya qalxan dolayı yollar... Mənim uşaqlıq yaddaşımda o yolla bağlı çox məqam qalıb. İlk hisslərim ordan başladı ki, Şuşanı yenidən görürdüm. Sonra Gəncə qapıları tərəfdən Şuşaya daxil olduq. Orda mənə ikinci emosiya dalğası gəldi. Şəhərin içindən gedəndə... Danışıram, yenə həyəcanlanıram. İnanılmaz hisslər yaşadım. Və sonda avtomobildən düşmədən öncə mənə qəfildən aydın oldu ki, yenidən qədəm qoyacam. Mənim ayağım yenidən öz doğma yurduma, torpağıma dəyəcək. Bu 30 illik həsrətin sonu gəlib çatdı. Çox gözəl və çətin an oldu. Sonra isə anam ikinci gün qonaq qismində gəlib çatdı. İkinci böyük emosiya dalğasını mən anamla yaşadım. Çünki cəmi 40 dəqiqəyə yaxın vaxt ayıra bildim. Hamının başı festivala, məşqlərə qarışıq idi. Amma yenə də mən 40 dəqiqə vaxt tapdım və dedim, ana, gəl gedək evimizdən nənəgilə, nənəgildən də düşək bazara. Getdiyimiz yolla sağ tərəfdə dörd nömrəli məktəb qaldı. Həmin məktəbdə mən üçüncü sinifdə oxumuşdum. Təəssüflər olsun ki, heç dərslər də normal baş tutmurdu. O yolu gedə-gedə biz nə hisslər yaşadıq, bunları sözlə ifadə eləmək mümkün deyil. Sevinc hissləri ilə bərabər... Ümumiyyətlə bir rahatlıq var idi. Bilirsiniz? Mənim son yadımda qalan 91-ci ildə orda rahat gəzə bilməməyimiz idi. Zirzəmi həyatı, mərmi, güllə səsləri... Müharibə şəraiti idi. Amma indi o cür rahat, sərbəst gəzmək bizə olduqca xoş idi və öz evimizi gedib görmək də tam başqa hiss idi.

- Eviniz qalır?

- Təəssüflər olsun, çox bərbad vəziyyətdədi. Bir divarı qalıb. Bizim evin arxa hissəsi Mir Möhsün Nəvvabın muzeyinin həyətinə birtişik idi. Mir Möhsün Nəvvabın evi qalıb. Düzdür, çox bərbad vəziyyətdədir, amma qalıb. Bizim evimizdən bir divar qalıb, içində ağaclar bitib. Həyətimizdə armud ağacı vardı, o yoxdur. Babamın qarajı vardı, o da yoxdur. Çox ağır, xoşagəlməz görüntü idi.

- Şuşa çox dəyişib?

- Yox, sadəcə, hər şey balacalaşıb. Mənə uşaq vaxtı hər şey böyük gəlirdi. Adi bir misal gətirim. Bizim evin yanı yoxuş idi. Biz orda hər qış uşaqlarla xizək sürürdük. Özü də mənə o yol elə uzaq gəlirdi ki, xizək sanki dayanmırdı, neçə dəqiqə aşağı düşürdük. Sonda isə gəlib baxıram ki, cəmisi beş addımlıq yoldur. Uşaq vaxtı uzun görünən yol belə çox qısa gəldi.

- Kərim Kərimlinin Şuşa haqqında məşhur şeiri var. Orda deyir ki, xizəkli körpələrin şütüsünlər sol-sağa. Yəqin elə Sizi yazıb, o şeirdəki xizəkli uşaqlardan biri də elə Siz olmusunuz.

- Bəli. Müharibə başlamamışdan öncə bizim uşaqlığımız çox rəngarəng keçib. Baxmayaraq ki, deyirlər 9 yaşına qədər uşaq nə yadda saxlaya bilər? Amma yadımda çox şey qalıb. Yeri gəlmişkən, 9 yaş dedim həmin o məşhur şəkil yadıma düşdü. Bizdə ümumiyyətlə çoxlu şəkil qalıb. O şəkillərdən bəzilərini özümlə götürmüşdüm ki, orada indi ilə əvvəlki vəziyyətini müqayisə edim, ətrafımdakı insanlara göstərim. Amma Cıdır düzündə həmin an Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov fotonu gördü, dedi, bunu mütləq çəkməliyəm. Özü necə durmaq barədə istiqamət verdi və həmin şəkil çəkildi. Səhəri günü mənə zəng gəldi ki, Fuad, internetdə hər yerdə sənin şəklindi. Mən də təəccüb elədim. Çünki orda internet də yoxum idi ki, nəsə paylaşım. Bakıya gələndən sonra isə gördüm ki, bu şəkil artıq bütün ölkəni gəzib.

- Həmin vertolyot önündəki şəklin çəkilmə tarixçəsi necə idi? Necə çəkilib o şəkil?

- Yeri gəlmişkən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Çoxu düşündü ki, o şəkil biz Şuşadan evakuasiya olunan ərəfədə çəkilib. Hətta bəziləri də yazmışdı ki, necə ola bilər, qaçaqaçda şəkil çəkdirib? Elə deyil. Bu şəkil 91-ci ilin yay ayında çəkilib. Biz uşaqlar bütün vaxtı nədəsə sevinc axtarırdıq.

- Yəni Sizin üçün müharibə bir qədər əyləncəvi idi, ya necə?

- Yox, yox, razı deyiləm. Çünki hər birimiz üçün çox dəhşətli müharibə gedirdi. Biz hər axşamı həyəcan siqnalından sonra zirzəmidə keçirirdik. Mən artıq mərmilərin səsini tanıyırdım, “Qrad” raketi gələndə hər yeri silkələyirdi. Hamı qışqırırdı ki, görəsən, hara düşəcək, nolacaq? Yəni, biz uşaq olsaq da, bunların hamısını çox gərgin yaşamışıq. Səhər zirzəmidən çıxanda ora-bura qaçırdıq ki, görək nə qalıb, kim sağdır, kimin evinə xəsarət dəyib-dəyməyib. Vertolyot səsi gələndə də bilirdik ki, Cıdır düzünə gedir. Həmən özümüzü ora çatdırırdıq ki, heç olmasa vertolyotun enişinə baxaq. Düzdür, çatdırmırdıq, vertolyot bizdən tez çatırdı. Amma orda gözləyirdik ki, heç olmasa uçanda görək. Onun səsi biz uşaqlara maraqlı emosiya yaşadırdı. Həmin ərəfədə bu şəkil çəkilib, 91-in yay ayında. Necə olub, kim çəkib, sonra bizə necə gəlib çatıb, onları artıq bilmirəm. Bu özü qəribə bir əhvalatdır. Bizi 92-ci ilin yanvar ayında evakuasiya elədilər. Anam hətta gününü də xatırlayır, yanvarın 5-də. Bəlkə də həmən vertolyot idi, nömrəsi yadımda deyil. Amma kim deyərdi ki, o vertolyotların birində bizi köçürəcəkdilər.

- Bildiyim qədəri ilə Sizin hobbiniz vertolyot-təyyarə pilotluğudur. Sizcə, bunun uşaq vaxtı vertolyota marağınızla nəsə bir mistik-mənəvi bağlılığı varmı?

- Təbii ki, elədir. Mən düşünürəm ki, musiqiyə, dirijorluğa, rəsmə, pilotluğa sevgim hamısı uşaqlıqda Şuşadan qaynaqlanıb. Yeri gəlmişkən, bir şey söyləmək istəyirəm. Deməli, bizi vertolyota mindirəndə adam o qədər çox idi ki, mən ora güclə yerləşirdim. Biz uçan zamanı vertolyot silkələnməyə başladı, hamı qışqırdı, dedilər bizə atəş açırlar. Təsəvvürünüzə gətirirsiniz, biz orda nələr yaşadıq? Yəni, çox təhlükəli uçuş oldu, amma şükür olsun ki, Ağdama çatdıq. İndi isə aviasiya ilə məşğul olduğuma görə bilirəm ki, adamların sayı vertolyotun yükgötürmə həcmini ötmüşdü, biz yüksəklikdə uça bilmirdik. Əlavə olaraq turbulensiya da var idi, yəni atəş açmasalar belə, orda normal uçmaq mümkün deyildi. Mən indi başa düşürəm ki, çox təhlükəli uçuş idi.

- Fuad bəy, istəyirəm bir az da xoş ovqata köklənək. “Xarıbülbül” festivalına hazırlıqlar, məşq prosesi necə keçdi? Çünki məsuliyyətli və 1989-cu ildən bu yana ilk dəfə keçirilən və ölkə üçün əhəmiyyətli hadisə idi.

- Festivalın Cənab prezident tərəfindən bərpa olunması hamı üçün gözlənilməz oldu. Müharibənin üstündən nə qədər keçib ki, böyük vaxt ötməyib. Ona görə festivalın bu cür möhtəşəm keçməsi daha böyük təəccüb doğurdu. Proqramı isə çox zəngin idi. Elə ilk günü götürsək, Azərbaycanda yaşayan 30-a yaxın xalqın musiqisi səsləndi. Bu, çox gözəl bir mesaj idi ki, biz həqiqətən də çoxmillətli, bir-biri ilə mehriban yaşayan ölkəyik. O konsert saat yarım çəkdi, mən özüm də bir tamaşaçı kimi böyük həzz aldım. İkinci konsertdə isə bizim dahi musiqiçilər - Rauf Abdullayev, Fərhad Bədəlbəyli, Alim Qasımov, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Polad Bülbüloğlu, cavan nəsildən Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyevə çıxış elədilər. Yəni bu cür gözəl musiqiçilərin bir gündə mötəbər çıxışı hər birimizə böyük qürur hissi yaşatdı.

- Yəni festival musiqi baxımından da çox məhsuldar konsert proqramı oldu?

- Əlbəttə. Bizim o qədər dahi əsərlərimiz var, onların hamısını ora yerləşdirmək qeyri-mümkün idi. Belə götürsək Cövdət Hacıyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov və sair dahi musiqiçilərimizin əsərləri də səslənə bilərdi. Lakin vaxt baxımından bu qeyri-mümkün idi.

- Bununla belə, Azərbaycan bəstəkarlıq məktəbinin palitrası festivalda əks olundu.

- Əlbəttə, ikinci konsert Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası ilə başladı, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının əsərləri səsləndi.

- Məşq prosesi necə keçdi?

- Ümumiyyətlə, hər birimiz çox məsuliyyətlə yanaşırdıq. Hazırlıq prosesi təxminən iki-üç ay çəkdi. Orkestrin məşqləri isə təxminən iki həftə sürüb. Nəticə göz qabağındadı. Hər bir azərbaycanlı, hətta deyərdim əcnəbi dinləyicilər belə çox bəyəndilər. Mənə bir çox xarici dostum yazdı ki, Şuşada çox möhtəşəm festival keçdi. Bu festival hər il başa tutacaq və beynəlxalq festival olacaq. Ona görə çox sevinirəm ki, hər bir əcnəbi gedib Qarabağı, Şuşanı ziyarət etmək, xalqımızın qonaqpərvərliyini, təbiətimizin füsunkarlığını görmək, mədəniyyətimizin dadını almaq şansı qazanacaq.

- Konsertdə sizinlə yanaşı, xaricdə fəaliyyət göstərən digər musiqiçilərimizin - Elçin Əzizovun, Yusif Eyvazovun, digərlərinin çıxış etməsi də mənə elə gəlir müasir Azərbaycan musiqisinin yüksəldiyi səviyyəni göstərdi.

- Doğrudur. Mən, sadəcə, demək istərdim ki, bizim musiqiçilər həmişə yüksəklərdə olublar.

- Amma etiraf edək ki, 90-cı illərdən sonra müəyyən bir boşluq yaranmışdı, klassik musiqidə bir tənəzzül vardı.

- Təbii ki, o illərdə çətinlik var idi. Mən özüm də yeniyetmə kimi bunu başa düşürdüm. Bir çox musiqiçi həmin ərəfədə xaricə üz tutdu. Amma onlardan bir çoxu da artıq geri dönüb. Baxmayaraq ki, 90-cı illər hamı üçün çətin oldu, yenə də çox qısa bir zamanda görün nə qədər musiqiçi yetişdi. Sizin də vurğuladığınız kimi, xaricdə bir çoxu Azərbaycanın musiqisini təbliğ edir. Yəni 90-cı illərin çətinliyi özünü bir o qədər büruzə vermədi. Çünki dahi Üzeyir Hacıbəyli musiqimizin təməlini o qədər möhkəm qoyub ki, heç kim onu dağıda bilməz.

- Şuşada, Üzeyir bəyin yurdunda, Cıdır düzündə musiqiçilərimizin Üzeyir Hacıbəylinin ruhu qarşısındakı verdiyi imtahan uğurlu oldu?

- Mənə elə gəlir ki, hər bir musiqiçi bu imtahandan başı uca, alnıaçıq keçib və keçməkdə də davam edir. Hər birimiz çalışırıq ki, Üzeyir bəyin qoyduğu sərvəti itirməyək.

- Məncə artıq ruhu da rahatlıq tapdı.

- Əsasən də ona görə ki, Şuşada yenidən Üzeyir bəyin və onun tələbələrinin əsərləri səsləndi. Bülbülün evi yenidən öz doğma sakinlərini qəbul elədi. Polad müəllim bizi orda ata yurdunda çaya qonaq elədi. Bu çox möhtəşəm hiss idi. Hamı bir-birinə sözlə yox, təbəssümlə cavab verirdi. İnanırsınız, hamıda böyük bayram-əhval ruhiyyəsi var idi. Yenə deyirəm, o hissləri sözlə ifadə eləmək çətindir.

- Musiqi ilə ifadə eləsəniz, hansı əsərlə müqayisə edərdiniz?

- Mən ilk növbədə “Azərbaycan kapriççiosu” deyərdim. Çünki bayaq vurğuladığım kimi orda həm döyüş, həm qələbə, həm göz yaşları, həm sevinc hiss var. Qısa bir əsərdə nə xalq olaraq yaşamışıqsa hamısı toplanıb.

- Bir sual da vermək istəyirəm. Şuşada konsert vermək... Yəqin bunu soruşmaq belə artıqdır.

- Dayanmadan, fasiləsiz, böyük bir həvəs və sevgi ilə bu saniyə hazıram orada konsert verməyə.

- Çünki Şuşada mədəniyyət paytaxtı elan olundu və yəqin ki, orada çox gözəl konsert salonları fəaliyyət göstərəcək.

- Şuşa barədə çox gözəl planlar qurulur. Hər birimizin əməyi ilə bütün dünyaya çatdıracağıq ki, bütün bu uzun illər ərzində bizim dediklərimiz öz əksini tapır. Yəni, Şuşa bizimdir. Şuşa Azərbaycandır!

P.S. Müsahibədən sonrakı söhbət zamanı Fuad bəyə deyirəm ki, sizin həyatınızdan çox yaxşı bir film çıxar. Bir yaxşı rejissor ola, bunu çəkə, detallarla dolu, zəngin, fakturalıdır. Onun verdiyi cavab isə elə bilirəm hamımıza maraqlı olar: “Fərəh xanım artıq bu təşəbbüsü irəli sürüb. Bundan əvvəl də onun təşəbbüsü sayəsində 2005-2006-cı illərdə haqqımda sənədli film çəkilmişdi. Düzdür, o vaxt buna etiraz etmişdim ki, mən kiməm haqqımda film çəkilsin? O isə uzaqgörən bir insan kimi demişdi ki, lazımdır. Bu dəfə isə Fərəh xanım məni Cıdır düzündə görəndə dedi ki, o vaxt Şuşadan Kölnə gedən yol çəkilmişdi, indi isə Kölndən Şuşaya gedən yol çəkilməlidir. Dünən də mənimlə əlaqə saxladılar ki, artıq bunu reallaşdırmaq ideyası yaranıb. Hətta nəinki sənədli, bədii filmin çəkilməsi planlaşdırılır. Bilirsiniz niyə? “Pianoçu” filmi var. Niyə bizim belə filmimiz olmasın?”

Foto - İlkin Nəbiyev © APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR