Gəncədə bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib

Gəncədə bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib

© APA | Qəmbər Hüseynlinin anım mərasimi keçirilib

# 31 iyul 2021 14:29 (UTC +04:00)

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anım mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları dünya şöhrətli bəstəkarın məzarı üzərinə tər çiçəklər düzüblər.

İcra başçısı Niyazi Bayramov çıxış edərək Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib və görkəmli bəstəkarın incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Şəhər rəhbəri Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazinin yaxın gələcəkdə əsaslı şəkildə təmir olunacağını tədbir iştirakiçılarının diqqətinə çatdırıb.

Bəstəkarın ailə üzvləri, Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra onlar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər. Onun həyat və yaradıcılığından danışıblar.

Tədbirin bədii hisəsində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Respublikanın Əməkdar artisi Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova bəstəkarın sevilən “Ay işığında” və “İlk məhəbbətim” əsərlərini səsləndiriblər.

Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Qəmbər Hüseynli 1961-ci il iyulun 31-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR