II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçiriləcək

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçiriləcək
# 11 oktyabr 2021 18:48 (UTC +04:00)

Oktyabrın 15-dən 20-dək “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” keçiriləcək.

APA-nın məlumatına görə, festival Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə baş tutacaq.

Layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar artist Ramil Qasımov festivalın keçirilməsinin əsas məqsədinin Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması olduğunu bildirib: “Birinci festivaldan fərqli olaraq, bu ilki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. Çünki bu festivalda ən məşhur musiqiçilər və kollektivlər iştirak edəcəklər. İnanıram ki, “II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı” maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək və yaddaşlara həkk olunacaq”.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiətilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də, istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfraslar, master-klasslar (ustad dərsləri) və s. təqdim olunacaq. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, C.Verdi, Mozart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndiriləcək.

Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR