Moskvada Azərbaycan və Rusiya mədəniyyət xadimlərinin görüşü keçirilib - FOTO

Moskvada Azərbaycan və Rusiya mədəniyyət xadimlərinin görüşü keçirilib - FOTO
# 24 may 2021 12:54 (UTC +04:00)

Moskvada səfərdə olan Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Rusiyanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə mayın 21-də vəfat etmiş Azərbaycanın Xalq rəssamı Tahir Salahovun xatirəsi anılıb.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti mədəniyyət və sənət təhsili sahəsində Rusiya təcrübəsini öyrənmək üçün Moskvaya səfər edib: “Bu həftə ərzində bir neçə görüşlər nəzərdə tutulub. İlk olaraq Moskvada mədəniyyət və incəsənət sahəsində çalışan həmvətənlərimizlə görüşdük. Bundan başqa, Rusiya Mədəniyyət Nazirliyinin profil departamentləri, “Roskino”, “Roskonsert”, Moskva Dövlət Filarmoniyası, İncəsənət qalereyası, VQİK, QİTİS və digərləri daxil olmaqla Moskvanın böyük mədəniyyət qurumları ilə görüşlər planlaşdırılıb”.

Qonaqları salamlayan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova vurğulayıb ki, mədəniyyət sahəsi Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin ardıcıl inkişafında mühüm faktor olaraq qalır: “Məhz mədəniyyət sahəsindəki əməkdaşlıq vasitəsilə iki ölkə arasındakı münasibətləri qururuq və yaxşılaşdırırıq”.

Azərbaycan Mədəniyyət Nazirliyinin sənət şöbəsinin müdiri Fərəh Acalova görüşün məqsədinin tanışlıq olduğunu qeyd edib: “Biz Mədəniyyət Nazirliyinin yeni komandası olaraq ilk dəfə Rusiyaya səfər edirik. Məqsəd bu ölkədə yaşayan və mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən istedadlı həmvətənlərimizlə tanışlıqdır. Təbii ki, Azərbaycan Mədəniyyət Nazirliyi ilə soydaşlarımız arasında əlaqələrin qurulması, müəyyən ideyaların, layihələrin müzakirəsinin aparılması bizim üçün çox vacibdir”.

Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, Azərbaycanın əməkdar artisti Əziz Qarayusifli üç gün ərzində Moskvadakı aparıcı akademiyaların, o cümlədən Moskva Xoreoqrafiya Akademiyasının, Qnesinıx adına Rusiya Musiqi Akademiyasının rektorları ilə görüşəcəyini bildirib: "Bu gün biz artıq GİTİS-i ziyarət etdik. Biz həm Rusiya, həm də Avropa universitetləri ilə bir çox müqavilələr imzalamışıq, lakin bu müqavilələrin çoxu kağız üzərində qalıb. Biz əməkdaşlığı intensivləşdirməliyik. Rusiya balet məktəbi dünyanın aparıcı məktəblərindən biridir, biz bu məktəblə əməkdaşlığı genişləndirmək istəyərdik. Bunun üçün Moskva universitetləri və akademiyalarının aparıcı müəllimlərinin ustad dərslərini təşkil etmək lazımdır. Eyni zamanda, müəllim heyəti mübadiləsi təşkil etmək, Rusiyanın aparıcı pedaqoqlarını Azərbaycana dəvət etmək istəyərdik”.

Gecənin iştirakçılarından biri, Azərbaycanın Xalq artisti, Bolşoy Teatrın solisti Dinara Əliyeva Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin səfərini alqışlayaraq mədəniyyət xadimlərinin bir araya gəlməsini önəmli hadisə adlandırıb. Opera müğənnisi iki ölkə arasındakı mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.

Dinara Əliyeva bu yaxınlarda işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edən Şuşada çıxış etdiyini də xatırladıb: “Şuşada heyrətləndirici tədbir keçirildi. Bu festivalın keçirildiyinə görə çox xoşbəxtik. Konsert çox möhtəşəm keçdi, gözəl hisslər yaşadıq. Əminəm ki, musiqimiz Şuşada səslənməyə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR